Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4398/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X10 iştirakları ilə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X7, X11 və X8 03 iyun 2024-cü il tarixdən inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Bununla da Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına gedən şəxslərə, xüsusilə də həmin ərazilərdə işləyən şəxslərin işçi icazələrinin olub-olmamasına nəzarət edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işləmək üçün icazə alınmış şəxslərin siyahısı həmin şəxslər üçün işçi icazəsi almış şirkətin işə götürülən şəxslə əmək müqaviləsi bağlayıbbağlamaması, əmək müqaviləsi olduğu halda isə həmin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi barədə məlumatların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatların araşdırılması zamanı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatların təhlili nəticəsində müəyyən olunmuşdur ki, Şəxs QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün işçi icazəsi alınmış X7, X11 və X3 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şəxs QSC X7, X11 və X4 portaldan qeydiyyatdan keçirəndə orada həmin şəxslər üçün işçi icazəsi almış, buna görə də portala həmin şəxslər Şəxs QSC-nin işçiləri kimi düşmüşdür. Beləliklə də Şəxs QSC tərəfindən X7, X11 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olmuşdur. Bununla da Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs QSC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir və protokol tam əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs QSC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X12 izahatında göstərdi ki, Azərbaycan Respublikası X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması və müvafiq qərarın qəbul edilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta törətməsi göstərilmişdir. Həmin protokola etiraz edərək, bildirir ki, Şəxs QSC inşaat şirkəti olaraq müvafiq dövlət orqan və idarələri (Sifarişçilər) tərəfindən Qarabağ ərazisində müxtəlif tikinti-quruculuq işlərini həyata keçirməyə baş podratçı olaraq cəlb edilmişdir. Protokolda adları çəkilən şəxslər Şəxs QSC ilə hər hansı əmək münasibətlərində deyildir və olmamışdır. Bu şəxslər Şəxs QSC-nin müqavilə əsasında xidmət aldığı "xxxx" MMC-nin əməkdaşlarıdır. Bununla bağlı təsdiqedici sənədlər əlavə edilir. Azərbaycan Respublikası X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərkən yuxarıda göstərilən hallara nəzər yetirilməmişdir. Yəni faktiki olaraq, başqa müəssisə ilə əmək müqaviləsi mövcud olan işçinin adı göstərilməklə Şəxs QSC barəsində qanunsuz protokol tərtib edilmişdir. Müvafiq şəxslər üçün müraciətin Şəxs QSC tərəfindən edilməsi zərurəti bu prosesin Şəxs QSC-dən asılı olmayan və DİN tərəfindən müəyyən edilmiş xüsusiyyətləri ilə bağlıdır ki, işə cəlb edilən şirkətlərin (yəni "xxxx" MMC-nin) əməkdaşları layihə üzrə baş podratçı təşkilatı olan Şəxs QSC-nin tikinti sahəsində çalışacaqlar və bununla da müvafiq müraciətin məhz Şəxs QSC tərəfindən edilməsi məqsədə uyğun görülmüşdür. Lakin, öz müraciətində Şəxs QSC qeyd olunan şəxslərin müvafiq olaraq "xxxx" MMC-nin əməkdaşları olduğunu vurğulamışdır. Məhkəmə icraatında baxılan Protokola diqqət yetirilsə görünür ki, dövlət qurumu inzibati hüquq pozmanın sadəcə hansısa məlumatın aşkar edilməməsi əsasında tərtib etmişdir və hər hansı digər sübutlar təqdim etməmişdir. Çünki digər hər hansı sübut mövcud deyildir. Lakin hazırkı iş üzrə təqdim edilən heç bir sənədlə inzibati xətanın mövcudluğu birbaşa sübut edilmir, sadəcə ehtimal edilir. Bu hissədə Məhkəmənin diqqətinə çatdırır ki, X13 Xidməti tərəfindən göstərilən məlumatlara sübut qismində istinad edilməsi dolayı və ehtimallara əsaslanır və bunun əsasında inzibati xətanın baş verməsini bildirmək əsassızdır. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göründüyü kimi inzibati xəta hadisəsinin olmaması, sübutların yetərsizliyi, protokolun ehtimala əsasən tərtib edilməsi, belə qənaətə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsi baş verməmişdir. Bunlardan əlavə, protokolu tərtib edən dövlət qurumu tərəfindən əlavə sübutların toplanmasına da cəhd edilməmişdir. Məsələn siyahılarda və protokolda adları göstərilən şəxslərin izahatları alınmamış, məsələyə aidiyyatları və ya münasibətləri öyrənilməmişdir. Sadəcə iş icazəsinin alınmasına istinad etməklə və bunun əsasında “Əmək və məşğulluq altsistemi”ndə əmək müqaviləsinin aşkar edilməməsini, X6pozuntusu hesab edərək protokollaşdırmışdır. Bu isə inzibati xətanın törədilməsinin göstəricisi deyildir. Göstərilənləri nəzərə alaraq, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxs QSC-nin direktoru İlham Şixseyidov tərəfindən Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanladığı 05 aprel 2024-cü il tarixli, 060/24 saylı məktubdan görünür ki, Ağdam şəhərində “Körpələr evi”nin tikintisinin layihəsi ilə əlaqədar Şəxs QSC-nin 20 nəfər və şirkətin podratçıları "xxxx" MMC tərəfindən 4 nəfər əməkdaşlarına şəhərin işğaldan azad edilmiş ərazilərinə daxil olmalarına icazə verilməsi xahiş olunmuşdur. - "xxxx" MMC-dən Şəxs QSC-yə ünvanlanmış 08 fevral 2023-cü il tarixli, 5 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən X7, X11, X16 və X3 işğaldan azad edilmiş ərazilərə daxil olması üçün Şəxs QSC-dən portalın açılması xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin əmək müfəttişi Xalidə Bayramova inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq Şəxs QSC tərəfindən X7, X11 və X5 iş icazəsi almaq üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə hər hansı müraciət ünvanlayıb-ünvanlanmaması, Şəxs QSC-nin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına daxil olan inzibati ərazi vahidində fəaliyyət göstərib-göstərməməsi, hansı sahibkarlıq fəaliyyəti növü ilə məşğul olması, qeyd olunan işçilərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması araşdırılmamış, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmamış, X7, X11 və X3 yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin tərəfindən məhkəməyə X7, X11 və X3 məhz Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyətlə X7, X11 və X3 həmin cəmiyyətlə hər hansı bir əlaqələrinin olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X7, X11 və X3 Şəxs QSCdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, Şəxs QSC tərəfindən X7, X11 və X5 işçi icazəsi alınması barədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, Şəxs QSC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs QSC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs QSC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, QSC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4398/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4398/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver