Məhkəmə qərarları › İş №3(006)-4399/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4399/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4399/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə döngəsi, ev 4, mənzil 0; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən ələd əldə olunmuş məlumatlar əsasında, müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid1 28.06 2024-cü il tarixindən, Şahid2 xx.xx.2024-cü il tarixindən və Şahid3 xx.xx.2024-cü il tarixindən hal-hazıradək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Şəxs MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumata əsasən ərazilərə iş icazəsi alınmış Şahid1 28.06 2024-cü il tarixindən, Şahid2 xx.xx.2024-cü il tarixindən və Şahid3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü tarixinədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 barələrində tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş inzibatı xəta haqqında protokola görə Şəxs MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumata əsasən ərazilərə iş icazəsi alınmış Şahid1 28.06 2024cü il tarixindən, Şahid2 xx.xx.2024-cü il tarixindən və Şahid3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü tarixinədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bildiririk ki, Şahid1 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid2 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X2 ilə isə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin vaxtdan əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan hər üç işçinin iş icazəsinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “NORTH WEST CONSTRUCTİON" MMC tərəfindən müraciət edilmişdir. Bildirir ki, Şəxs MMC "xxxx" MMC-nin subpodrat şirkəti kimi layihələrdə əməkdaşların qidalanması üçün yemək istehsalı ilə məşğuldur. Şirkətləri, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadı zonalarında da fəaliyyət göstərir. Məlumdur ki, həmin zonalarda çalışan əməkdaşlar üçün müvafiq qaydada icazə alınması mütləqdir. Lakin bu icazələrin alınması və ya ləğvi üçün Daxili İşlər Nazirliyinə yalnız onların şirkəti adından "xxxx" MMC müraciət edə bilər. Qarabağ və Şərqi Zəngəzur iqtisadı zonalarında çalışacaq əməkdaşlarla əmək müqaviləsi bağlanılır. Həmin əməkdaşlar barəsində məlumatlar "xxxx" MMC-yə göndərilir. "xxxx" MMC həmin işçilərə icazə alınması üçün Daxili İşlər Nazirliyinə məktubla məlumat göndərir. Müqavilə bağlanan əməkdaşlar növbəti gün əraziyə daxil olaraq işə başlayır. İcazələrin təsdiqlənib-təsdiqlənməməsi barəsində "xxxx" MMC-yə Daxili İşlər Nazirliyi tərəfindən heç bir məktub daxil olmur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında işdən azad olunan əməkdaşlar barəsində "xxxx" MMC tərəfindən icazələrin ləğvi üçün "xxxx" MMC müraciət edilir. Yenə də "xxxx" MMC həmin işçilərin icazələrin ləğvi üçün Daxili İşlər Nazirliyinə məktubla məlumat göndərir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Şahid1, Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işğaldan azad edilmiş ərazilərə iş icazələrinin qüvvədə olması qeyd olunmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədirlər. Lakin hər hansı işiçinin iş icazəsinin qüvvədə olması həmin işçinin hər hansı bir işə cəlb edilməsinə dəlalət etmir. Bütün bunlara baxmayaraq məhkəmənin diqqətnə çatdırır ki, 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə alınmış icazələrinin ləğv edilməsi ilə bağlı məktub poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin, Əmək Müfəttişliyi tərəfindən inzibati xəta haqqında araşdırma bir tərəfli qaydada aparılmışdir. İş üzrə adları çəkilən işçilərinin izahatları alınmamış, onların Qarabağ iqtisadi zonasına giriş-çıxışı araşdırılmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdən göndərilmiş məktubda qeyd edilmişdir ki, icazəsi alınmış işçilər ilə 7 iş günü ərzində əmək müqaviləsi bağlanması təmin edilməsi bildirilmişdir. Bir daha qeyd edir ki, yuxarıda adları çəkilən işlərlə may ayında əmək müqaviləsi bağlanmasına baxmayaraq onlara Qarabağ iqtisadi zonasında iş icazəsi 14 iyun 2024-cü il tarixində verilmişdir. Həmçinin, tərəflərindən onların iş icazələrinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində müraciət edilməsinə baxmayaraq həmin icazələr ləğv edilməməsində Şəxs MMC və onun rəhbərliyi məsuliyyət daşımır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlanılaraq şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, əmək müqaviləsi əsasında Ağdam rayonu ərazisində Şəxs MMC-də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işləmişdir. Daha sonra Şəxs MMC ilə onun arasında olan əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixindən sonra həmin şirkətdə hər hansı işlərin görülməsinə cəlb edilməmiş və Ağdam rayonunu tərk etmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlanılaraq şahid qismində dindirilən Şahid3 izahatında bildirmişdir ki, o, əmək müqaviləsi əsasında Kəlbəcər rayonu ərazisində Şəxs MMC-də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işləmişdir. Daha sonra Şəxs MMC ilə onun arasında olan əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdən sonra həmin şirkətdə hər hansı işlərin görülməsinə cəlb edilməmiş və Kəlbəcər rayonunu tərk etmişdir. Məhkəmə iclasında “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlanılaraq şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, o, əmək müqaviləsi əsasında Qubadlı rayonu ərazisində Şəxs MMC-də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək işləmişdir. Daha sonra Şəxs MMC ilə onun arasında olan əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixindən sonra həmin şirkətdə hər hansı işlərin görülməsinə cəlb edilməmiş və Qubadlı rayonunu tərk etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, Şahid3 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan Şahid1, Şahid3 və Şahid2 Şəxs MMC-də əmək müqaviləsi hüqiuqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən Şahid1, Şahid3 və Şahid2 işçi icazəsi alınması barədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar