Məhkəmə qərarları › İş №3(006)-4400/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4400/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4400/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və X7 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və X7 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və X7 Xidməti Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 231.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, 09 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanındakı abidənin mərtəbəsində Şəxs MMC tərəfindən xx.xx.2024-cü il saat 11:00-da “Tarix və Mədəniyyət” abidələrinin qorunması haqqında qanununa uyğun olaraq razılaşdırılma olmadan təmir işlərinin aparılması əsası ilə Azərbaycan Respublikası İXM-in 231.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya və digər işlər onların lahiyyələri müvafiq icra hakimiyyəti orqanının müəyyən edildiyi elmi təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Əgər təsdiq olmadan bu hal baş verərsə inzibati məsuliyyət yaradır. Belə halların aşkar olunması, bu xətanı törədən şəxs və ya hüquqi şəslərin inzibati məsuliyyətə cəlb olunub tənbeh olunmaları ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və X7 Xidmətinin əməkdaşları tərəfindən müntəzəm olaraq tarixi abidələrlə bağlı səyyar yoxlamalar keçirilir. Həmin səyyar yoxlamalardan birində xidmətin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən abidənin (qeydlər kitabında İnv 2893 nömrə ilə qeydiyyata alınan) abidənin birinci mərtəbəsində Şəxs MMC tərəfindən «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Qanuna uyğun olaraq razılaşdırma olmadan təmir işlərirnin aparılması aşkar olunmuş, xidmətin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin olaraq akt tərtib olunmuş və həmin akta abidədən fotogörüntülər əlavə olunmuş və sonradan əməldə inzibati xəta tərkibi olduğundan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN №1503131 saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 izahatında Şəxs MMC barəsində tərtib olunmuş protokolla razı olmadıqlarını bildirdi. Həmin protokol əsassız olaraq tərtib olunmuşdur. Belə ki, ünvan 2 ünvanda yerləşən binanın birinci mərtəbəsini Şəxs MMC notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi əsasında icarəyə götürmüşlər. Hər bir notarial kontorda tarixi abidələrin siyahısı olur, həmin siyahıya düşən obyektlərin icarəyə götürülməsi ilə bağlı Xidmətdən razılıq alınmadan icarə müqaviləsi bağlanmır. Belə bir hal olmamış, binanın sahibi ilə MMC arasında həmin xüsusi razılıq alınmadan notarial qaydada icarə müqaviləsi bağlanmış, həmin ünvanda fəaliyyət göstərmək üçün MMC tərəfindən daxildə təmir işləri aparılmış, lakin binanın çöl fasadından hər hansı bir təmir və ya rekonstruksiya işləri aparılmamışdır. Bundan əlavə, protokol tərtib olunarkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, hər hansı bir mülahizələri və sübutları təqdim olunmadan barələrində protokol tərtib olunmuşdur. Şəxs MMC həmin binanı icarəyə götürəndə onu heç kim məlumatlandırmayıb ki, icarəyə götürülən yer tarixi abidədir. Bu barədə nümayəndəsi olduğu MMC-nin heç bir məlumatı olmayıbdır, həmçinin qarşı tərəfin dediyi ilə bağlı olaraq həmin binanın tarixi abidə olmasıyla bağlı hər hansı bir elana rast gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 231.3-cü maddəsinə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar