Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4403/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxx 1979-cu ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Nəsimi Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əməl etməyərək xx.xx.2024-cü il tarixdə, saat 09:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C200” markalı, “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ilə Ak.M.Mirqasımov küçəsinin kəsişməsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib yolayrıcına daxil olaraq digər sürücü X1 idarə etdiyi “Cherry Tigo” markalı “**-RZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C200” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti ilə hərəkət edib Ak.M.Mirqasımov küçəsinin kəsişməsində işıqforun sarı işığı yanıb-sönərkən həmin küçə ilə M.Qaşqay istiqamətində hərəkət edib kəsişməni keçən “Cherry Tigo” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt “Cherry Tigo” markalı **- RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İlham Cümşüdov xəsarət alması barədə ona hər hansı məlumat verməmişdir. Lakin hadisədən 15 gün sonra İlham Cümşüdov xəsarət alması barədə məlumat vermiş və əlavə olaraq idarə etdiyi avtomobilə dəymiş maddi ziyana görə 30000 manat pul istəmişdir. Halbuki həmin avtomobilin qiyməti və dəymiş ziyan arasında ziddiyyət vardır. İzahatının sonunda fəhlə fəaliyyəti göstərdiyini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində özünə məxsus “Cherry Tigo” markalı “**- RZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov küçəsi ilə ATU istiqamətində hərəkətdə olan zaman Azadlıq prospekti ilə kəsişmədə işıqforun yaşıl işığında daxil olduqda Azadlıq prospekti ilə hərəkətdə olan “Mercedes Benz C200” markalı, “Q1-CJ-056” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığında kəsişməyə daxil olmuş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin sol hissəsindən vurmuş, nəticədə xəsarət almış və onun avtomobilinə servis qiymətləndirməsinə əsasən 30000 manat ziyan dəymişdir. Lakin sonradan Şəxs onunla maraqlanmamış, dəymiş ziyanın ödənilməsi üçün hər hansı təşəbbüs göstərmişdir. Ona dəymiş ziyanla bağlı avtomobil sığortası və tibbi sıorta tərəfindən ümumi ziyanın az hissəsi qarşılanmışdır. Hal-hazırda Şəxs qarşı şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini tələb edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən verilən 1035 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarət-sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşahidə olunan qançırşişkinliyi bərk küt əşyanın təsirindən müayinədən 7-10 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İ.F.Cümşüdovun bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-782 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən qəbul edilmiş 08 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4403/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4403/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver