Məhkəmə qərarları › İş №3(006)-4409/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4409/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4409/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi (BDYPİ) 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 05 iyul 2016-cı ildə vəfat etmişdir. “Naz Lifan” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil tasına məxsus olmuşdur. 28 iyun 2023-cü il tarixdə atası barədə EQ seriyalı 15351579 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi (BDYPİ) 28 iyun 2023cü il tarixli, EQ seriyalı 15351579 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən şəxsin nümayəndəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində qəbul edilmiş 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ №700825 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. BDYPİ tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 28 iyun 2023-cü il tarixdə saat 00:50-də “Naz Lifan LF 7132/2 320” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə S.Vurğun və H.Aslanov küçələrinin kəsişməsində qanunla mülki məsuliyyəti icbari qaydada siğorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən siğortaçı ilə icbari siğorta müqaviləsinin bağlanmamasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd edilən 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə yəni 28 iyun 2023-cü il tarixdə saat 00:50-də X2 “Naz Lifan LF 7132/2 320” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs 05 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli qərar ləğv edilməli, həmin qərar üzrə X4 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 28 iyun 2023-cü il tarixli, EQ seriyalı 15351579 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar