Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4411/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ağazadə oğlunın iştirakları ilə, xx.xx.1998-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən tayonu, Beşdam ərazi dairəsi, Beşdam kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Ağazadə oğlunun barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs Ağazadə oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir, ona görə ki, Şəxs Ağazadə oğlu xx.xx.2023-cü il tarixdə, saat 15:35 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində xidmətdə olan DYP əməkdaşlarının qanuni tələblərini pozub onlara qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahatında göstərmişdir ki, Şəxs Ağazadə oğlu xx.xx.2023-cü il tarixdə saat 15:35 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində avtomobilini idarə edərkən işıqforun tələblərinə əməl etməyərək qırmızı işıqda keçmiş, bu zaman DYP əməkdaşları onu saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu zaman Şəxs tərtib olunan protokolla razılaşmayaq onu yerə atmış və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Ağazadə oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağazadə oğlu bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:35 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində avtomobilini idarə edən zaman DYP əməkdaşları onu saxlamış və işıqforun tələblərinə tabe olmamağa görə inzibati xəta haqqında protokol tərtib etmişlər. Lakin o bununla razılaşmamış və işıqforun sarı işığı yanan zaman hərəkət etdiyini bildirmişdir. O polis əməkdaşlarına tələsdiyini, protokolu elektron qaydada göndəmələrini demişdir. Bu zaman polis əməkdaşları tərtib etdikləri protokolu maşına tullamışlar. O isə protokolu götürüb polis əməkdaşlarına qaytaran zaman protokol yerə düşmüşdür. O polis əməkdaşlarına tabesizlik etməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:35 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə Mir Cəlal küçəsinin kəsişməsində Şəxs Ağazadə idarə etdiyi avtomobillə işıqforun qırmızı işığından keçmişdir. Bu zaman ona yaxınlaşaraq bu barədə məlumat vermiş, lakin Şəxs deyilənlərlə razılaşmamışdır. Polis əməkdaşı ona görüntünü göstərsə də, yenə razı olmamışdır. Bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuş və Şəxs təqdim etmək üçün ona yaxınlaşmışdır. O protokolu Şəxs avtomobilinin içinə qoymuş, lakin Şəxs protokolu əzərək yerə tullamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:35 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ilə Mir Cəlal küçəsinin kəsişməsində Şəxs Ağazadə idarə etdiyi avtomobillə işıqforun qırmızı işığından keçmişdir. O Şəxs yaxınlaşmış və bu barədə məlumat vermişdir. Lakin o bununla razılaşmamışdır. Bu zaman ona görüntü göstərilmiş və tərtib edilmiş inzibati xəta haqqında protokol ona təqdim edilmişdir. Lakin o protokolu maşından götürüb yerə atmış və polis əməkdaşlarını təhqir etmişdir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Ağazadə oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli raportdan Şəxs Ağazadə oğlunun Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Ağazadə oğlu 24 sentyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan hadisənin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disklə Şəxs Ağazadə oğlunun hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs Ağazadə oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Ağazadə oğluna inzibati cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Ağazadə oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Ağazadə oğlu məhkəmə iclas zalında dərhal inzibati qaydada tutmadan azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4411/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4411/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver