Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4412/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş MN1478200 saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2018 saylı, 09 aprel 2018ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(005)-12/2018 saylı qətnaməsindən onun uzun müddət xəbəri olmamışdır. Belə ki, o, 2016 və 2019-cu illər ərzində ölkə xaricində təhsil almış, sonradan ölkəyə qayıtdıqdan sonra isə hərbi xidmətdə getmişdir. Onun icra vərəqəsindən xəbəri olduqdan sonra ümumi borcdan 4.000 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə ödəyəcəkdir. İcra vərəqəsi üzrə ümumi borcu birdəfəlik ödəməyə maddi imkanı olmasa da, hər ay müəyyən məbləğdə ödənişlər edərək borcunu tam olaraq bağlayacaqdır. İcra məmurunun çağırışlarına vaxtında gəlmiş izahatlarını vermişdir. Onun icra sənədi üzrə yaranmış borc məbləğini ödəməkdən yayınmaq məqsədi olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmədə icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(005)-12/2018 saylı qətnaməsinə əsasən Şəxs vurulmuş maddi zərərə görə 70.380,00 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat ekspertiza xərcinin tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədlərinin icrası tam təmin edilməmişdir. Şəxs verdiyi izahatlarında borcu bütöv şəkildə ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə ərizə və şikayətlərində borcun tam olaraq ödənilməsini tələb edir. Şəxs icra məmurunun çağırışlarına vaxtı-vaxtında gələrək izahatlarını vermiş, lakin borcunu tam olaraq ödəyə bilməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İzahatının sonunda protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(005)-12/2018 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(005)-12/2018 saylı qətnaməsinə əsasən Şəxs vurulmuş maddi zərərə görə 70.380,00 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat ekspertiza xərcinin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərardan, “tələbin könüllü icrası haqqında” bildirişdən və Şəxs izahatlarından görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimov tərəfindən 14 may 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Sonradan icra işi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və 12 aprel 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş icra məmuru tərəfindən Şəxs 13 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. Şəxs isə icra şöbəsində verdiyi izahatlarında borc üzrə tam olaraq deyil, hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən, saat 14:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4412/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4412/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver