Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4423/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru – X2, Zərər çəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1988-ci il təvəllüdlü, subay, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru – X4 tərəfindən tərtib olunmuş 2024-cü avqust ayının 2-dən vətəndaş X1 və Şəxs yaşadığı əraziyə sahə inspektoru təyin olunmuş, təyin olunduğu gündən hər iki şəxsin müraciətləri ona daxil olmuşdur, hər iki ailə münaqişəli ailədir. Bu iki şəxslər uzun müddətdir ki, qonşudurlar. Dilarə xanımın müraciətləri əsasında Tərlan xanıma iradlar bilririlərkən, Tərlan xanım münaqişəni Dilarə xanımın başlamasını bildirmiş, bundan sonra Tərlan xanımın ailəsi öz hesablarına həmin bloka kamera yerləşdirmiş, həmin kameranı Dilarə xanım vurub qıraraq götürmüş, bir daha Tərlan xanımın özünə qaytarmamışdır. Təqdim olunmuş kamera görüntülərinə baxarkən həqiqətən də Dilarə xanımın Tərlan xanımın ünvanına nalayiq ifadələr işlədərək blokda hərəkət etdiyini, daha sonra həmin quraşdırılan kameraya yaxınlaşaraq onu məhv etməsi açıq aydın düşmüşdür. Bundan sonra hər iki xanım şöbəyə dəvət olunmuş, izahatları alınmış, Dilarə xanım öz izahatlarında bildirmişdir ki, həqiqətən övladlarına olacaq təhdid və təhlükə ilə bağlı həmin kameranı qırıb məhv edərək tullamışdır. Bundan başqa olaraq Dilarə xanım dəfələrlə qanuni tələblərə riayət etməmiş, onu qanuna riayət etməyə dəvət edərkən, kobud sözlərlə təhqir etmiş, qanuni tələbləri yerinə yetirməmişdir. Göstərilən əməlləri törətməsinə dair Şəxs barəsində İXM-nin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, kameranı vurub qırmışdır, çünki onun övladlarına qarşı bu kameranı qurublar. Onun övladlarını izləyirlər. Onun iki övladı var. 15 ildir ki, həmin uşaqlara tək baxır, ataları ilə ayrılmışdır. Övladlarını qorumaq üçün həmin kameranı qırdığından barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, o, həmin mənzilə 22 ildir ki, gəlin gəlmiş, həmin mənzildə 32 ildən artıq müddətdə də qaynanası yaşayıbdır. Onun ailəsi ilə Dilarənin ailəsi arasında mübahisə keçən ilin fevral ayından başlayıbdır. Zərər çəkmiş şəxsin qızı işə girdikdən sonra Dilarə də ora işə girmək istəmişdir. Zərər çəkmiş şəxsin qızından həmin şirkətin direktorunun nömrəsini istəmiş, qızı da verməmişdir. Həmin gündən Dilarə zərər çəkmişin ailəsi ilə düşmən kəsilibdir. Dilarə zərər çəkmişin qızına qarğayır, bloku süpürür, zibilləri gətirib onların qapının ağzına tökür. Hər gün bloka çıxır zərər çəkmişi və ailə üzvlərini təhqir edir. Zərər çəkmiş hər dəfə şikayət edir, şikayəti sübut edə bilmir və bu səbəbdən məcbur olub bloka kamera yerləşdirmişdir, onun sonuncu etdiyi hərəkətləri çəkib sahə inspektoruna təqdim etmişdir. Bu şəxs zərər çəkmişin çəkdiyi kameranı yerindən qoparıb oğurlayıbdır. Qırıqlarını da ona geri qaytarmayıbdır. Görüntülərdə həmin kameranın da Şəxs tərəfindən qoparılması düşübdür. Şəxs etdiyi əməli etiraf etsə də, dəymiş ziyanı ödəməmişdir. Hal hazırda ondan şikayətçi olduğunu bildirərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclası zamanı təqdim edilmiş video-görüntülərə baxış keçirib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları proses iştirakçılarının izahatları, raport və.s) qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrinin nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə müvafiq olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs təyin edilmiş inzibati tənbehin müddətinin əvvəli onun çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4423/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4423/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver