Məhkəmə qərarları › İş №3(006)-4445/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4445/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4445/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin nümayəndəsi X2, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Tovuz rayonu, Aşağı Öysüzlü kəndi; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi dövlət yanğın nəzarəti idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 11 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində keçirilən yanğın texniki müayinə zamanı mövcud yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığının yoxlanılmasına dair sənədlər təqdim edilməmiş, nəzticədə yanğın təhlükəsizliyi qaydalarının (bənd 4.1-4.17) tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində xx.xx.2022-ci il tarixdə planlı (növbəti) yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, hazırda Şəxs MMC tərəfindən yol verilmiş pozuntular aradan qalxdığından Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə aparılmışdır. Müayinə zamanı aşkar olunan nöqsanlarla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edərək həmin nöqsanların aradan qaldırıldığını qeyd etmişdir. Odur ki, hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2022-ci il tarixli, 4639 saylı qərardan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY221868929 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 221/229 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixdə müayinənin aparılmasına icazə verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4639 saylı “Yanğın-texniki müayinə Aktı”na əsasən ünvan 4 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində müayinə zamanı obyektin yanğından icbari qaydada sığorta olunmasına dair şəhadətnamə təqdim edilmədiyi; obyektdə mövcud olan yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığının yoxlanılmasına dair sənədlər təqdim edilmədiyi; obyektdə mövcud olan ilkin yanğınsöndürən balonların tərkibinin yenisi ilə əvəz olunmasına dair sənədlər təqdim edilmədiyi; obyektin elektrik kabel və naqillərinin gərginliyə qarşı müqavimətinin yoxlanılmasına dair sənədlər təqdim edilmədiyi; obyektin tavan hissəsinin yanar konstruktiv materiallarla üzləndiyi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən Şəxs Aviabiletlərin satışı məntəqəsində aşkar edilmiş yanğın təhlükəsizliyi əleyhinə qaydaların pozulması halları aradan qaldırılmış, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi də izahatında hüquqi şəxs tərəfindən həmin pozuntuların həqiqətən aradan qaldırıldığını təsdiq etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar