Məhkəmə qərarları › İş №3(006)-446/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-446/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-446/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ondan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətini məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət vermişdir. X2 vəsatətində göstərmişdir ki, mübahisələndirilən qərarın surəti ona gec təqdim olunmuş və ondan asılı olmayan səbəbdən müddət keçmişdir. Tərəfimdən “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3011/2023-cü il tarixli qərarından görünür ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas Bakı şəhəri Nəsimi rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarı olmuşdur. X2 prokurorun bu qərarından məhkəməyə şikayət edərkən həmin qərar əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 5.000 manat məbləğində cərimə olunmasını göstərmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdən də aydın olur ki, X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan 2023-cü ilin iyul ayında da şikayətlə məhkəməyə müraciət etsə də, şikayət müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Göründüyü kimi, şikayətçinin mübahisələndirdiyi qərardan ən azından hələ ötən ilin iyul ayından məlumatı olmuş və hazırda da ondan şikayət verilməsi üçün müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir tutarlı dəlil təqdim olunmamışdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpası qeyri-mümkündür və bununla bağlı verilmiş vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bu Məcəllənin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İnzibati Xətalar Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar