Məhkəmə qərarları › İş №3(006)-4461/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4461/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4461/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Emin İmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında iş rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 20-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Emin İmanov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ƏÇPA-nın əməkdaşları inzibati ərazidə xidmətdə olarkən 3 nəfər şəxsi üzləri qan və paltarları kirlənmiş vəziyyətdə görüb onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onları 20-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxslərin üçü də sərxoş vəziyyətdə olmuşdur. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs, X2 və X1r. Şöbədə olan zaman Şəxs şöbədə səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmuşdur. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gətirilmşdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, gecə içki məclisində olmuş, səhər oyananda üsü qanlı və paltarları çirkli formada olmuş. Həmin vaxt polis işçiləri onlara yaxınlaşmış və şöbəyə gətirmişlər. Şöbədə olarkən ailə üzvləri ilə əlaqə saxlamaq istədiyinə görə və nəyə görə saxlanıldığı barədə heç bir məlumat verilmədiyinə görə narazıçılıq etmişdir. Həmçinin bildirmişdir ki, o, barəsində tərtib edilmiş iş materialları ilə tanış olmamış, müdafiəçinin yardımına ehtiyacının olub-olmaması ondan soruşulmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi RPİ-nin 20-ci PŞ-nə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildikdən sonra onun hüquqlarının təmin edilməsi ilə bağlı prosessual hərəkətlər lazımi səviyyədə həyata keçirilməmiş, hüquqlarını müdafiə etməsi üçün müdafiəçiyə ehtiyacının olub-olmaması məsələsi araşdırılmamış, ona öz müdafiəçisi və ya dövlət tərəfindən təyin olunan müdafiəçi ilə əlaqə saxlamaq və görüşmək imkanı yaradılmamış, bununla da, Şəxs hüquqi yardım almaq kimi fundamental konstitusion hüquqlarından biri pozulmuşdur. Həmçinin, Şəxs barəsində olan inzibati xəta haqqında protokol da natamam tərtib olunmuşdur. Belə ki, protokolda Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin hansı sübutlarla təsdiq edilməsi göstərilməmiş, izahat və mülahizələr hissələrində müvafiq qeydlər aparılmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və imzalanmamasının səbəbləri qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən xx.xx.2025-ci il tarixində Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında iş rejiminin pozulması qeyd olunsa da, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkib əlaməti olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamağın hansı hərəkətdə ifadə olunması qeyd edilməmişdir, yəni inzibati xətanın mahiyyəti aydın qeyd edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi RPİ-nin 20-ci PŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar