Məhkəmə qərarları › İş №3(006)-4466/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4466/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4466/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 vəkili Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR Mərkəzi Bankının 28 aprel 2025-ci il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 42600.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 4,260.00 ABŞ dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərara görə İ.İsgəndərov 47442.33 ABŞ dolları vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 42600.00 ABŞ dolları vəsaiti hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda digər hallarla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan lizıki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qanunun tələbindən göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı ilə protokol tərtib edilməklə protokolda həmin şəxsin izahatı qeyd olunmalı və həmin izahat barəsində inzibati xəta haqqında iş aparılan şəxs tərəfindən imzalanmalıdır. AR İXM-nin 106.0.3-cü maddəsinə əsasən inzibati xəla haqqında işin baxılmağa hazırlanması hakim Qanunda nəzərədə tutulmuş digər hallarla yanaşı inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini araşdırır. Lakin, müdafiəçisi olduğum İsmayıl İsgəndərov barəsində nə inzibati xəta haqqında protokol tərtib edilərkən, nə də müvafiq qərar qəbul olunarkən lazımi qaydada xəbərdarlıq edilməmiş, buna müvafiq olaraq da barəsində inzibati xəta haqqında iş aparılan şəxsin iştirakı olmadan protokol və qərar qəbul edilməklə Qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. Bundan başqa, AR İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Əvvəla qeyd edir ki, İsmayıl İsgəndərovla “YİWU REAL-TOP İMPORT &EXPORT CO.LTD” şirkəti arasına bağlanmış 10853 saylı müqaviləyə əsasən tərəflər 12 aprel 2021-ci ildən 12 aprel 2023-cü il tarixədək, bundan sonra isə qeyd olunan müqavilə qüvvdən düşdüyü üçün, yenidən 02 sentyabr 2023-cü il tarixdən 2 sentyabr 2025-ci il tarixədək malların alqı-satqısı ilə bağlı müqavilə bağlamış və hər iki müqaviləyə əsasən İsmayıl İsgəndərov şirkətdən qabaqcadan dəyəri ödənilməklə illik olaraq malların alınması öhdəliyi götürmüşdür. Beləliklə, müqavilənin şərtlərinə görə İsmayıl İskəndərov mal alınması ilə bağlı xarici şirkətə 47442.33 ABŞ dolları vəsaiti xx.xx.2023-cü il tarixdə vəsait köçürüb, həmin məbləğin 42600.00 ABŞ dolları vəsaitinə aid hissəsi hesabına alınan malların 2 il ölkəyə idxal etməməsi qeyd olunsa da, faktiki olaraq qeyd olunan müqavilə 12 aprel 2023-cü il tarixdə qüvvədən düşdüyündən “YİWU REAL-TOP İMPORT &EXPORT CO.LTD” şirkəti ilə münasibətlərin davamı olaraq yeni müqavilə bağlanmış yenidən mal alınması üşün 40000 ABŞ dolları köçürülsə də xarici ölkə tərəfindən 117.000 ABŞ dolları mal ölkəyə ixrac olunmuşdur. Beləliklə, göründüyü kimi ümumi olaraq xx.xx.2023-cü il tarixdə 47442.33 ABŞ dolları köçürülüb həmin məbləğin qayıtmamış hissəsi 42600.00 ABŞ dolları, habelə xx.xx.2024-cü il tarixdə köçürülmüş məbləğ 40000 ABŞ dolları olmaqla, ümumilikdə xaricə 82600.00 ABŞ dolları köçürülsə də hər iki müqaviləyə əsasən köçürülən məbləğdən artıq ölkə ərazisinə mallar idxal olunmuşdur. Ona görə də İ.İsgəndərov tərəfindən qeyd olunan idxal bəyannaməsi AR Mərkəzi Bankına təqdim edilib xaricə göndərilən məbləğdən artıq mal gəlməsinin nəzərə alınmasını xahiş etsə də, bank tərəfindən qeyd olunan halların arşdırılmalı olduğu, lakin artıq İ.İsgəndərovun ilkin olaraq xaricə köçürdüyü məbləğə görə malların 2 il müddətində ölkəyə idxal olunmamasına görə qüvvədə olan inzibati tənbeh tədbirinin olmasını görə araşdırmanın aparılmasının mümkün olmaması qeyd edilmişdir. Göstərilən əsaslara görə Mərkəzi Bank tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EP ******* saylı xx.xx.2025-ci il tarixli qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X2 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X1 banka müraciət etsə də, sonuncuya protokolun tərtib olunması barədə məlumat verilmişdir. Pulun köçürüldüyü şirkətlə şikayətçi mütəmadi olaraq işləmişdir. Qeyd olunan məbləğ dəyərində mallar ölkəyə fevral ayında idxal edilməli olsa da, həmin mallar gecikdirilərək aprel ayında ölkəyə idxal edilmişdir. Bundan əlavə protokolda bir sıra prosessual pozuntulara yol verilmişdir. Qeyd olunanları nəzərə alaraq şikayət ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 47442,33 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 42600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 4260,00 ABŞ dolları məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə müəyyən edilir ki, X3 47442,33 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 42600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermək haqqında qərarla cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar