Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-447/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət verən şəxs: X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “xxxx” QSC-nin Bakı şəhəri üzrə Qazın Balansı və Satışı üzrə Departamentinin rəis müavini vəzifəsində işləyir. Departament Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 3 saylı ünvanda yerləşir. xx.xx.2020-ci il tarixdə iş yerində xidməti otağında oturan vaxt bir neçə şəxs ora daxil olaraq Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı otaqda ondan başqa heç kəs yox idi. Polis işçiləri ona fərdi qoruyucu vasitədən istifadə etmədiyini əsas gətirərək barəsində protokol tərtib etmişlər. O isə bu şəxslərə idarədaxili qaydalara əsasən otaqda tək olan zaman fərdi qoruyucu vasitədən istifadə etməsimə zərurət olmadığını, buna görə də idarədaxili qaydalara riayət edərək maskadan istifadə etmədiyini bildirmişdir. Protokolu imza etsə də, otaqda ondan başqa heç kimin olmaması barədə qeyd yazmışdır. Həmin gün ona məxsus mobil nömrəyə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 200 manat miqdarında cərimə edilməsinə dair “sms” gəlmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayəti müdafiə edərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, X3 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən “xxxx” İB-də fərdi qoruyu vasitədən istifadə etməmişdir; - göndərilmiş “sms” məlumatına görə xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında X4 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 189 saylı Qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Göründüyü kimi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi yalnız dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində mütləqdir. İnzibati xəta haqqında protokol tərtib olunarkən X3 “xxxx” QSC-nin Bakı şəhəri üzrə Qazın Balansı və Satışı üzrə Departamentində öz xidməti otağında olmuş, bu yer isə qeyd olunan sahələrə aid deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-447/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-447/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver