Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4477/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanın qarşısında YPX əməkdaşları ilə mübahisə edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanın qarşısında Sərdar Hüseynova məxsus **-XD-*** dövlət nömrə nişanlı, «BMW» markalı avtomaşınla hərəkət edəndən sonra avtomobili saxlayıb yerə düşmış, təxminən 5-10 dəqiqə sonra dostları ilə söhbət edərkən **-YP-*** nömrəli avtopatrulu tərəfindən avtomobilin yanına çağrılaraq avtoxuliqanlıq səbəbindən yaxınlaşdığını bildirmişlər. O, bu zaman YPX əməkdaşına avtoxuliqanlıq etmədiyini bildirmiş və yol-patrul xidməti əməkdaşından bu barədə görüntünün təqdim edilməsini xahiş etmişdir. Bundan əlavə, yolpatrul xidməti əməkdaşları ilə olan mübahisəni telefonla qeydiyyata almışdır. Yol-patrul xidməti əməkdaşı onunla kobud formada danışmış və daha sonra hadisə yerinə postpatrul xidməti əməkdaşlarını çağırmışdır. O, post-patrul xidməti əməkdaşları gəlməmişdən öncə həmin görüntüləri öz telefonundan dostunun telefonuna göndərmiş, daha sonra həmin görüntünü öz telefonundan silmişdir. O, yol-patrul xidməti əməkdaşlarına heç bir müqavimət göstərməmiş, əksinə yol-patrul xidməti əməkdaşları onunla kobud danışmışdır. O, avtoxuliqanlığın ona izah edilməsini, ona hüquq və vəzifələri barədə məlumat verilməsini tələb etsə də, onun vətəndaş olaraq haqlı tələbləri yerinə yetirilməmişdir. Postpatrul xidməti əməkdaşları onu polis şöbəsinə apararkən heç bir müqavimət göstərməmiş və şöbədə olarkən görüntüləri sildiyini bildirmişdir. Bundan sonra onun izahatı alınmış və sərbəst buraxılmışdır. Lakin sonradan polis əməkdaşları onu yenidən polis şöbəsinə çağırmış və barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:50 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanın qarşısında xidmət aparan yol patrul əməkdaşları ilə mübahisə edib onların qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Hadisə yerində olan yol-patrul xidməti əməkdaşları onu sakitləşməyə və sənədlərini təqdim etməyini istəsələr də, həmin şəxs polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə davam etmişdir. Bu səbəbdən polis əməkdaşları Şəxs saxlayaraq Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirmişlər, ilk öncə Şəxs sərbəst buraxılsa da, sonradan onun əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən tərəfindən bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X9 yol-patrul xidməti inspektoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023-cü ildə, saat 00:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində xidmət aparan zaman **-XD-*** dövlət nömrə nişanlı, «BMW» markalı avtomobilin yol hərəkəti qaydalarını pozmasını aşkar etdiyindən həmin avtomobilə yaxınlaşmış və sonradan şəxsiyyəti ona məlum olan Şəxs özünü təqdim edib yol hərəkəti qaydalarının pozulması barədə məlumat vermişdir. Lakin Şəxs onları telefonla görüntüyə almağa başlamış və sənədlərini təqdim etməkdən yayınmışdır. Bir neçə dəfə Şəxs sənədlərini təqdim etməsi tələb edilsə də, sonuncu onun qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Şəxs hərəkətlərinə adekvat cavab olaraq dərhal post-patrul xidməti əməkdaşlarını çağırmışdır. Bundan sonra, Şəxs post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X9 yol-patrul xidməti baş inspektoru X1 da şahid X2 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanın qarşısında Sərdar Hüseynova məxsus **-XD-*** dövlət nömrə nişanlı, «BMW» markalı avtomaşınla hərəkət edəndən sonra avtomobili saxlayıb yerə düşmış, təxminən 5-10 dəqiqə sonra dostları ilə söhbət edərkən **-YP-*** nömrəli avtopatrulu tərəfindən avtomobilin yanına çağrılaraq avtoxuliqanlıq səbəbindən yaxınlaşdığını bildirmişlər. O, bu zaman YPX əməkdaşına avtoxuliqanlıq etmədiyini bildirmiş və yol-patrul xidməti əməkdaşından bu barədə görüntünün təqdim edilməsini xahiş etmişdir. Bundan əlavə, yol-patrul xidməti əməkdaşları ilə olan mübahisəni mobil telefonla video çəkiliş etmişdir. Yol-patrul xidməti əməkdaşı onunla kobud formada danışmış və daha sonra hadisə yerinə post-patrul xidməti əməkdaşlarını çağırmışdır. Şəxs yol-patrul xidməti əməkdaşlarına heç bir müqavimət göstərməmiş, əksinə yol-patrul xidməti əməkdaşları onunla kobud danışmışdır. Şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Burada isə Şəxs qeyd edilən hərəkətləri polis işçisinin tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol polis əməkdaşlarına avtoqxuliqanlıqla bağlı görüntünün təqdim edilməsi, avtoxuliqanlığın ona izah edilməsi, ona hüquq və vəzifələri barədə məlumat verilməsini tələb etməsi və yol-patrul xidməti əməkdaşları tərəfindən onun bu tələbinə heç bir əhəmiyyət verilməməsi, əksinə polis işçisinin etik davranış qaydaları ilə bir araya sığmayan kobud və aqressiv bir şəkildə cavab verilməsi, Şəxs sonradan video çəkiliş aparması, PPX-a əməkdaşları ilə birlikdə 22-ci Polis Şöbəsinə könüllü getməsi heç bir halda onun polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 9-cu maddəsinə görə daxili işlər orqanlarının əməkdaşları vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdırlar. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vətəndaşın polis əməkdaşlarına istinadən yanlış hesab etdiyi hər hansı hərəkətlə bağlı foto və ya videoçəkiliş aparması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4477/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4477/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver