Məhkəmə qərarları › İş №3(006)-4479/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4479/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4479/2020 16.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 4TLP7QK), ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ş.Qaralov tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/20 saylı icra vərəqəsinə əsasən tələbkar E.T.Aslanovun övladı xx.xx.2015-ci il təvəllüdlü X4 ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirilməsi qərara alınmışdır. Lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və azyaşlı uşağın valideyni ilə görüşməsinə şərait yaratmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru V.Ş.Qaralov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədində göstərilən tələbi icra etmir. Belə ki, o müxtəlif bəhanələr gətirməklə icradan yayınır. Bu barədə ona dəfələrlə edilmiş xəbərdarlıqlara və göndərilmiş SMS bildirişlərə baxmayaraq bu günədək icra sənədinin tələbini icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında verilmiş suallara icra məmuru V.Ş.Qaralov cavab olaraq bildirmişdir ki, N.E.Aslanovanın psixoloji vəziyyətini öyrənmək məqsədilə uşaq psixiatrı və psixoloqu tərəfindən müayinə olunmuş, müayinə zamanı uşaqda psixioloji vəziyyətinin normal olması müyyyən edilmiş və valideynlərin arasında gərgin və qərəzli münasibətlərin davam etməsi təbii ki, uşağın psixologiyasına öz mənfi təsirini göstərəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə icra məmuru ona sms bildiriş göndərdikdə o, həftənin 6-cı günü ictimai nəqliyyat işləmədiyi, hava şəraitinin uşaqda alergiya oyatdığı və icra şöbəsində xəstəlik olduğu üçün icra şöbəsinə gələ bilməmişdir. Bundan başqa, o bildirmişdir ki, həftənin şənbə və bazar günü onlar bağ evində olurlar tələbkara bu müddətdə uşağı orada gəlib görməsi təklif olunub, lakin tələbkar özü gəlməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.T.Aslanov izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdən bəri övladını görməmişdir. İcra məmuru tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara, görüş günü üçün göndərilmiş sms bildirişlərə baxmayaraq borclu ona övladını göstərməkdən qərəzli şəkildə yayınır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil L.E.Namazzadə borclu Şəxs icra məmuru çağırışlarına vaxtlı-vaxtında gəldiyini, uşağı atasına göstərməkdə qərəzli olmadığını, uşağın atası ilə görüşməsi üçün təyin edilmiş vaxtda borclunun icra məmuruna uşağın allergiyasının olması, həmin günün həftənin 6-cı gününə, yəni ictimai nəqliyyatın işləmədiyi dövrə düşməsi və həmçinin icra şöbəsində korona virus əleyhinə dezinfeksiya aparılması səbəbindən uşağı gətirə bilmədiyini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/20 saylı icra vərəqəsindən görünür ki, tələbkar E.T.Aslanovun övladı xx.xx.2015-ci il təvəllüdlü N.E.Aslanova ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru V.Ş.Qaralov tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxx 2020-ci il tarixli bildiriş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/20 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, icra vərəqəsinin icrası məqsədi ilə “Covid-19” pandemiyası ilə əlaqədar elan olunmuş karantinə görə fiziki cəhətdən canlı uşaqla görüş təmin edilə bilmədiyindən icra şöbəsində videoformat şəklində (Whatsaap proqramı ilə) görüş təşkil edilmiş, lakin dəfələrlə iş üzrə borclu Şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurulsa da, sonuncu telefona cavab verməmişdir. Daha sonra borclu Şəxs anasının istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə əlaqə saxlanılmış və ona bütün xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan 25 iyul, 12 və xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, borclu Şəxs Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan sms bildirişlərdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, həmin bildirişlərdə icra məmuru borclunu 04, 18 və 19 noyabr və xx xxxxxx 2020-ci il tarixlərdə icra şöbəsinə dəvət etmişdir. İş materiallarında olan “X7” X8 xx xxxxxx 2020-ci il tarixli məktubundən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü N.E.Aslanova xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə mərkəzdə uşaq psixiatrı və psixoloqu tərəfindən ətraflı müayinə olunmuş, müayinə zamanı N.E.Aslanovada heç bir psixi pozuntu aşkar olunmamış, onun əqli inkişafı, davranışı, koqnitiv və emosional funksiyalarının norma çərçivəsində olduğu müəyyən edilmiş, heç bir psixoloji müdaxilə və medikamentoz müalicəyə ehtiyac yoxdur. Həmçinin uşağın atası ilə görüşü ona həm müsbət, həm də mənfi təsir göstərə bilər, bu uşağın psixi durumu ilə deyil, valideynlərinin bir-biri ilə münasibətindən birbaşa asılıdır, əgər valideynlər uşağın gələcək rifahı naminə konstruktiv münasibətlər yarada bilərsə, uşağa bunun müsbət təsiri olacaqdır. Eyni zamanda valideynləri arasında gərgin və qərəzli münasibətlərin davam etməsi təbii ki, uşağın psixologiyasına öz mənfi təsirini göstərəcəkdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs məcburi qaydada Nəsimi rayon İcra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “gmail.com”-dan çıxarılmış borclu Şəxs tərəfindən icra şöbəsinə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, icra məmuru V.Qaralov xx.xx.2020-ci il tarixdə, saat 16:25-də ona göndərdiyi mesaj onu uşaq ilə birgə xx.xx.2020-ci il tarixdə, saat 11:00-da Nəsimi rayon İcra və probasiya şöbəsinə çağırıb. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə sərtləşdirilmiş karantin rejimi ilə bağlı və ictimai nəqliyyatın işləmədiyinə görə, Nazirlər Kabinetinin Operativ Qərargahın əhaliyə müraciəti əsasında (zəruri hallar olmadıqda evdən çıxmamaq tövsiyəsi) qızı N.Aslanovanın ağciyər-bronx sisteminin zəif olması ilə və buna görə risk qrupuna daxil olmasını nəzərə alaraq, o İcra Hakimiyyətinin Probasiya Şöbəsinə gəlməkdən çəkinmişdir. Həmçinin uşağın tam müdafiəsini təmin etmək məqsədilə, onlar Bilgəhdə bağ evlərində qalırlar. Digər tərəfdən bir ata olaraq E.Aslanov uşağın bu şəraitdə evdən çıxarılmasına və artıq olan kontaktların olması razılıq verməsi onun uşağa qarşı çox məsuliyyətsiz olmasınnı növbəti dəfə göstəricisidir. O, öz mənafeyəsini uşağın maraqlarından üstün tutur. Çox təəssüflər olsun ki, icraçı V.Qaralov onu dəstəkliyir. 2020-ci ilin iyul və avqust aylarında olduğu kimi, uşaqla atasının (E.T.Aslanov) ünsiyyətini bərpa edilməsinin çalışmaq məqsədilə videozənglərdən istifadə edilməsini təklif etmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, N.E.Aslanova allergiya xəstəliyi keçirtmiş və üzünün müxtəlif nahiyələrində səpkilər əmələ gəlmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2087/20 saylı icra vərəqəsinə əsasən tələbkar E.T.Aslanovun övladı xx.xx.2015-ci il təvəllüdlü N.E.Aslanova ilə sərbəst ünsiyyəti: hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək həyata keçirilməsi qərara alınmışdır. İcra sənədi üzrə xx xxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş və borclunun icra şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı cavabdeh Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar