Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4480/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1962-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(009)- 93/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(009)-93/2023 saylı icra vərəqəsinə əsasən ondan ümumilikdə 27600 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X3 verilməsi hökm edilmişdir. Həmin icra sənədinin verilməsinə əsas olan hökmdən xəbəri olsa da, icra üzrə ödənişləri tam ödəmək üçün maddi imkanı olmamışdır. Buna baxmayaraq o, hər ay müxtəlif miqdarda ödənişləri X3 ödəyir. Onun icra məmurunun qanuni tələbindən yayınmaq məqsədi heç vaxt olmamışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(009)-93/2023 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 27600 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi hökm edilmişdir. Şəxs icra sənədi üzrə ödənişləri tam etmir və müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınır. Bir neçə dəfə onunla əlaqə yaradaraq tam olaraq borcun ödənilməsini tələb etsə də, ona borcun ödənilməsi barədə yalnız yalan vədlər verilmişdir. Baxmayaraq ki, Şəxs tərəfindən ona ödənişlər edilmişdir, hal-hazırda borcun hissə-hissə deyil, tam olaraq ödənilməsini tələb edir. Borc məbləği Şəxs tərəfindən ödənilmədiyi üçün çətinliklə qarşılaşır. Göstərdiklərinin nəzərə alınmasını və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(009)- 93/2023 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 27600 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X3 verilməsi hökm edilmişdir. İcra sənədi üzrə 30 iyul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra üzrə ödənişləri tam olaraq yerinə yetirməkdən yayınmışdır. Hal-hazırda tələbkar məhkəmə qərarının tam olaraq icra edilməsini tələb edir. Müxtəlif dövlət orqanlarına sorğular verilsə də, borclu Şəxs adına heç bir əmlak müəyyən edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(009)-93/2023 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 27600 manat məbləğində pul vəsaiti alınıb zərərçəkmiş şəxs X3 verilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan, eyni tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən və izahatdan görünür ki, Şəxs barəsində 30 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu maddi imkanı olmadığından tam ödəniş edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs hər ay tələbkara müxtəlif miqdarlarda ödənişlər etdiyi müəyyən edilmişdir. İcra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinə daxil olduğu vaxtdan icra şöbəsinə dəvət edilərək izahatları alınmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi onun maddi imkanı ilə əlaqədardır. Buna baxmayaraq o, hissə-hissə olmaqla borcundan ödənişlər etmişdir. Göründüyü kimi Şəxs borcunu ödəməyə davam etməkdədir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və tələbkarın izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4480/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4480/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver