Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4481/2020 16.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, polis əməkdaşları xx xxxxxx 2020-ci il tarixdə, saat 18:40 radələrində xidmət apardığı inzibati ərazidə H.B.Əliyev küçəsi, 15 saylı ünvanda yerləşən “Bolluca uşaq geyim” mağazasının işıqlarının yanılı olduğunu müşahidə etmiş, həmin mağazaya yaxınlaşmış və mağazada bir nəfər şəxsin olduğunu müəyyən etmiş, həmin şəxsin sonradan onlara məlum olan X2 onlayn xidmət göstərməsi barədə icazəsinin olubolmaması yoxladıqda sonuncunun heç bir icazəsinin olmadığını polis əməkdaşları tərəfindən müəyyən edilmiş, G.N.Tanrıverdiyeva barəsində qanuni tədbir görülməsi üçün PŞ-nin sahə inspektoru O.Məmmədova həmin ünvana dəvət etmiş, bu zaman G.Tanrıverdiyevanın anası kimi özünü təqdim edən sonradan şəxsiyyəti onlara məlum olan Q.M.Tanrıverdiya küçədə uca səslə qışqıraraq nalayiq küçə söyüşləri söyərək mağazaya daxil olmuş, həmin zaman polis əməkdaşları ondan öz qanunsuz əməllərinə son verməsini tələb etməsinə baxmayaraq Q.M.Tanrıverdiya onların qanuni əmrlərinə qəsdən tabe olmamış və öz qanunsuz əməllərinə davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru O.A.Məmmədov tərtib etdiyi protokolu müdafiə edərək Q.M.Tanrıverdiyanın barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, O.A.Məmmədov məhkəmə iclasında ona verilmiş ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Q.M.Tanrıverdiyadan dəfələrlə sakitçiliyə riayət etməsini xahiş etsələr də sonuncu buna məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.M.Tanrıverdiya izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə qızı G.N.Tanrıverdiyeva ilə yerləşən “Bolluca uşaq geyim” mağazasına getmiş, qızı vitrində olan paltarların şəklini sosial şəbəkədə yerləşdirmək üçün çəkmiş, həmin zaman o qonşuluqda yerləşən marketdə olmuş, bu vaxt polis əməkdaşları mağazaya daxil olaraq qızından onlayn icazəsinin olub-olmamasını soruşmuş, qızının icazəsi olmadığı müəyyən edildikdən sonra onu polis bölməsinə aparmaq istədikdə qızı ona zəng edərək mağazaya gəlməsini istəmişdir. Daha sonra o mağazaya gələrək polis əməkdaşları ilə mübahisə etmişdir. Əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bundan başqa himayəsində 3 övıadının olmasını bildirərək şəkər xəstəliyindən əziyyət çəkməsinin nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.M.Tanrıverdiya məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşının ifadəsinin doğruluğunu təsdiq edir. Həmçinin bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:40da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o mağazada paltarların şəklini çəkən zaman tək olmuş, 2 nəfər polis əməkdaşının gəldiyini və yaxınlaşaraq mağazanın qapısını çaldığını görmüş, qapını açdıqda polislər ona qaydanı pozduğunu və maska taxmadığı bildirmiş və icazəsinin olub-olmamasını soruşmuşdur. Daha sonra onu polis bölməsinə aparacaqlarını qeyd etdikdə o, anasına zəng etmiş, anası gələrək polislərə iradını bildirmişdir. Lakin onlara qarşı nalayiq ifadələr işlətməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, onların “Memar Əcəmi”də geyim mağazaları var. SMS icazə ilə həmin mağazaya paltarların şəklini çəkmək üçün gəlmişlər, lakin mağaza həm içəridən həm də çöldən də bağlı olmuş, sadəcə işıqları yanılı olmuşdur. Buna baxmayaraq polis əməkdaşları mağazanın qapısını döymüş və içəridə olan G.N.Tanrıverdiyevanın icazəsinin olub-olmamasını yoxladıqdan sonra sonuncunu polis bölməsinə aparmaq istədikdə onun anası Q.M.Tanrıverdiya gələrək öz etirazını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Q.M.Tanrıverdiyanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Q.M.Tanrıverdiya həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev 15 ünvanında ucadan ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etdiyi halda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.M.Tanrıverdiya xx xxxxxx 2020-ci il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev 15 ünvanında uca səslə nalayiq küçə söyüşləri söydüyü üçün həmin ərazidə xidmət aparan polis işçiləri yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, o isə dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Q.M.Tanrıverdiya ictimai qaydanı pozması səbəbindən polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət edilmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən 19-cu PŞ-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Q.M.Tanrıverdiyanın törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etməsi, həmçinin polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Q.M.Tanrıverdiyanın əməlindən səmimi peşman olmasını, bir daha analoji hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Q.M.Tanrıverdiyanın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Q.M.Tanrıverdiyanın barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4481/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4481/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver