Məhkəmə qərarları › İş №3(006)-4491/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4491/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4491/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Şikayətçinin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X7 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EP ******* saylı inzibati protokol və onun əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Çünki müvafiq qanunvericilik normalarının pozulması ilə qəbul edildiyinə görə qanunsuz və əsassızdır. Həmin qərarda qeyd edilir ki, Abbas İmanov xx.xx.2023-cü il tarixdə 19750 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və bu vəsaitlə idxal olunan mallar və xidmətlər 2 il müddətində ölkəyə gətirilməmiş və ya vəsait geri qaytarılmamışdır. Lakin qeyd edilməlidir ki, Abbas İmanov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan müxtəlif ölkələrə avans ödənişləri həyata keçirmişdir. Hazırda təqdim edilmiş qərarda sözügedən vəsaitin konkret hansı əməliyyata aid olduğu, hansı hesaba və hara göndərildiyi açıq göstərilmir və bu, Abbas İmanovun özünümüdafiə etməyini çətinləşdirir. Belə ki, İnzibati İnzibati İcraat Haqqında Qanunun 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Lakin işin faktiki hallarında da göründüyü kimi, inzibati orqan tərəfindən bu halların tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilməsi şəxsin hüquq və mənafelərinin pozulması ilə qəbul edilmişdir. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar, İnzibati orqan İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etməmiş AR İXM-nin 60.1-ci maddəsində (bildiriş) göstərilir ki hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarım işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. hüquqlarini müdafıyə etdiyim şəxs lazimi qaydada məlumatlandırılmamışdır. AR İXM-nin 61.3-cü maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. AR İXM-nin İXM 78.2-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Lakin A.İmanovdan heç bir izahat alınmamış, onun inzibati xəta barədə tənbeh tədbirindən Binəqədi rayon icra şöbəsindən bildiriş ünvanına daxil olan zaman məlumatı olmuşdur. X4 Məcəlləsinin tələbləri pozulmuşdur. Bu qərar Abbas İmanovun hüquq və mənafelərinə zərər vurduğu üçün onun ləğv edilməsi və qanunsuz inzibati cərimənin tətbiq edilməsinin qarşısının alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 qeyd etmişdir ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Belə ki, onun inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmamış, yalnız Binəqədi rayon İcra Şöbəsindən bildiriş gəldikdən sonra cərimə edildiyini bilmişdir. Məsələ ilə maraqlanmış və ona məlum olmuşdur ki, guya o, 19750 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Bu səbəbdən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1975 ABŞ dolları məbləğində cərimə edilmişdir. Şikayətçi qeyd edir ki, 19750 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Bunu təsdiq edən müvafiq gömrük bəyannaməsi də mövcuddur. Qeyd edilənlərə əsasən 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1 şikayətçinin izahatına əlavə olaraq qeyd etmişdir ki, həmçinin müdafiə etdiyi şəxs barəsində inzibati tənbeh qərarı qəbul edilərkən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinin tələbinə əməl edilməmişdir. Qeyd edilənlərə əsasən 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X7 ilə “X3 General Trading” şirkəti arasında bağlanmış 01 fevral 2023-cü il tarixli, RAV290292 saylı müqavilənin surətindən görünür ki, satıcı müqavilədə qeyd edilən malları (kokos ağacının kömürü) X2, alıcı isə mala görə ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məlumatda qeyd olunur ki, X7 10 mart 2023-cü il tarixdə ölkə xaricinə 19750 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1975 ABŞ dolları məbləğində cərimə edilmişdir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli, **********4847 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, X7 tərəfindən 01 fevral 2023-cü il tarixli, RAV290292 saylı saylı müqavilə üzrə 10 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 19750 ABŞ dolları məbləğində məbləğində vəsait hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 tərəfindən müvafiq malların alınması üçün 19750 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispoziyasından göründüyü kimi ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Lakin hazırki iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, X7 tərəfindən 19750 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait hesabına alınan mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar