Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4501/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında 00100-02104/25 nömrəli, 17 iyul 2025-ci il tarixli protokol və ona əalvə edilmiş sənədlərdən görünür ki, “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 3 gömrük bəyannaməsi üzrə ümumilikdə 5857 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Belə ki, hüquqi şəxsin adından bağlanılmış ümumilikdə 1 müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda yəni ümumilikdə 5857 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-cı ıl 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12.2-ci maddəsinə əsasən “hüquqi və fiziki şəxslər konsıqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 qeyd etmişdir ki, 25 yanvar 2024-cü il tarixində “X3 Taahhüt ve X5” Səhmdar Cəmiyyəti ilə bağlanmış NMY-UST-05 saylı müqaviləyə əsasən 3 ədəd yük gömrük bəyannaməsi üzrə ümumilikdə 5857 ABŞ dolları məbləğində Rusiya Federasiyasına mal ixrac edilmişdir. Müqavilə şərtlərinə əsasən, ixrac olunan malların dəyəri 180 gün ərzində “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin müvəkkil bank hesabına ödənilməli idi. Lakin Rusiyada davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya banklarına tətbiq olunan sanksiyalar nəticəsində SWİFT sistemi ilə ABŞ dollarında ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən ödənişin digər valyutada – Rusiya rublu ilə icrası məqsədilə hesab açılmış və qarşı tərəf ödənişi bu kanalla həyata keçirməyə çalışmışdır. Lakin hər ay tətbiq olunan yeni maliyyə sanksiyaları səbəbilə bu ödənişlər də reallaşdırıla bilməmişdir. Bu müddət ərzində Rusiya Federasiyası və Türkiyə Respublikasında fəaliyyət göstərən bir sıra banklarla əlaqə saxlanılmış, lakin bankların əksəriyyəti əməliyyatı icra etməkdən imtina etmişdir. Yalnız 2025-ci ilin avqust ayında Rusiya Federasiyasında fəaliyyət göstərən bir bank vasitəsilə razılaşma əldə edilmiş və xx.xx.2025-ci il tarixində ödəniş hüquqi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına daxil olmuşdur. Həmin ödəniş əsasında müvafiq gömrük bəyannamələri gömrük sistemində qanunvericiliyə uyğun olaraq bağlanmışdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “satıcı” “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “alcı” Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Taahhüt ve Ticaret Anonim Şirketi” Səhmdar Cəmiyyəti arasında bağlanan NMY-UST-05 saylı, 25 yanvar 2024-cü il tarixli müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin spesifikasiyasında qeyd edilən malları satır, alıcı isə satın alır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, miqdarı, qiymətləri, eləcə də çatdırılma şərtləri və müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən spesifikasiyalarda göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********812 saylı; xx.xx.2024cü il tarixli, **********800 saylı və xx.xx.2024-cü il tarixli, **********827 saylı gömrük bəyənnamələrindən görünür ki, NMY-UST-05 saylı, 25 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Taahhüt ve X5” Səhmdar Cəmiyyətinin ünvanına 5857 ABŞ dolları məbləğində mal (metal taxtabəndlər, dayaqlar və s.) göndərmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Taahhüt ve Ticaret Anonim Şirketi” Səhmdar Cəmiyyəti arasında malların alqı-satqısına dair NMY-UST-05 saylı, 25 yanvar 2024-cü il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq hüquqi şəxs tərəfindən bu şirkətə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 5857 ABŞ dolları dəyərində mal göndərilmişdir. Göndərilmiş mallara dair pul vəsaitinin hüquqi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməmişdir. Hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya banklarına tətbiq olunan sanksiyalar nəticəsində SWİFT sistemi ilə ABŞ dollarında ödənişlərin həyata keçirilməsinin mümkün olmaması ilə əlaqələndirmiş, lakin xx.xx.2025-ci il tarixində həmin məbləğ müvəkkil bank hesabına köçürülmüşdür. Bununla da aydın olur ki, “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli, **********812 saylı; xx.xx.2024-cü il tarixli, **********800 saylı və xx.xx.2024-cü il tarixli, **********827 saylı gömrük bəyənnamələri üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan 5857 ABŞ dolları dəyərində vəsaitin vaxtında köçürülməməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırki inzibati xəta hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə məcbur deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ “X6 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4501/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4501/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver