Məhkəmə qərarları › İş №3(006)-4502/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4502/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4502/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə xx.xx.1974-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 12923980 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 03 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törədilməsində aidiyyəti olmadığından Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, mülkiyyətçisi olduğu “VAZ 2107” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı DİN-nin Baş X1 İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Bildirilmişdir ki, qaldırdığı məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs DİN BDYPİ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, “VAZ 2107” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təxminən 20 il bundan qabaq satmışdır. Lakin satdığı şəxs həmin avtomobili adına keçirmədiyi üçün avtomobildən bütün cərimələri ona gəlir. Həmin avtomobilin saxlanılmasının təmin edib ona məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda həmin maşına görə ona gələn cərimələri idarə edən şəxsin adına keçirilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Atatürk prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsi A.Sultanova istiqamətində hərəkət edərkən “VAZ 2107” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs mülkiyyətçisi olduğu “VAZ 2107” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə Baş X1 İdarəsi tərəfindən qərar qəbul olunmuşdur. Bununla da məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 12923980 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar inzibati xəta hadisəsini törədən şəxs, yəni subyekt düzgün müəyyən edilmədən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar