Məhkəmə qərarları › İş №3(006)-4527/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4527/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4527/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 22-ci polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X5 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Vəkil Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 4AMVPCH), subay, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595, ev 11, mənzil 84-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanda yerləşən “Diplomat” oteldə və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsində ictimai qaydanı pozub xırda xuliqanlıq etmiş, habelə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X8 izahatında göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə “102” xidmətindən daxil olmuş məlumatda ünvan 1 ünvanda yerləşən “Diplomat” oteldə saat 14 radələrində bir nəfər müştərinin işçiləri söyüb təhqir etməsi göstərilmişdir. Bununla əlaqədar yaradılmış əməliyyat qrupunun üzvləri həmin yerə getmişlər. Müəyyən olunmuşdur ki, oteldə müştəri kimi qalan Şəxs həmin günü bir gecəlik oteldə qalmış, lakin günorta saat 12-də otağı təhvil verib çıxmamış, buna görə də otelin işçisi ona irad bildirəndə, aralarında mübahisə yaranmış və o, işçiləri qarşı nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məsələ ilə bağlı izahatın alınması üçün Şəxs 22-ci polis şöbəsinə dəvət olunmuşdur. Lakin, şöbədə onun üzərində olan əl çantasına baxış keçirilən zaman o, polis əməkdaşı X6 ilə mübahisə etmiş, ona əl-qol ataraq xəsarət yetirmiş, xidməti paltarını cırmışdır. Digər əməkdaşlar onu sakitləşdirmək istəsələr də o, buna əhəmiyyət verməyib öz hərəkətlərini davam etdirmiş, şöbənin iş fəaliyyətini pozmuşdur. Onu da qeyd edir ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq onu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, heç bir dava-dalaş salmamışdır. Belə ki, o, 27 sentyabr 2023-cü il tarixdə səhərə yaxın əvvəllər bir neçə dəfə qaldığı ünvan 1 ünvanda yerləşən “Diplomat” otelə getmiş və bir gecəlik otaq sifariş etmişdir. Saat 12:00-da oradan çıxmalı olsa da, çox yorğun olduğundan yatıb qalmışdır. Otel adminstratoru onun qaldığı otağa dəfələrlə zəng etsə də, o, bu zəngləri eşitməmiş, xadimə qapını təpiklə vurduqdan sonra səsə anidən oyanmışdır. Bundan sonra otelin adminstratoru ona yenidən zəng edərək “sən 12-də oteldən çıxmalı idin, sənin artıq qaldığın vaxta görə mən öz cibimdən ödəniş etməliyəm?” deyib onunla sərt formada danışmışdır. O isə yatıb qaldığını, nə qədər ödəniş lazımdırsa ödəyəcəyini bildirmiş və otaqdan çıxandan sonra həmin adminstrator xanıma əsəbi olduğundan “necə eşşək adamsız” demişdir. Bu zaman bu qadının polis çağırdığını eşitmişdir. Daha sonra o, həmin otellə eyni həyətdə yerləşən kafedə oturub kofe sifariş etmişdir. Hələ sifarişi gəlməmişdir ki, artıq bir nəfər polis əməkdaşı yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. O da polis əməkdaşına kofe sifariş etməyi təklif etmiş, lakin sonuncu bunu qəbul etməyərək onun kofesini içib qurtarmasını gözləmişdir. Bir müddət sonra başqa bir polis əməkdaşı da ora gəlmiş, əsəbi halda “sənin kofe içməyini gözləyəsi deyilik” deyib onu polis şöbəsinə aparmışlar. Onlar yolda olan zaman polis əməkdaşları ondan mobil telefonunu istəmiş, lakin o, telefonu şöbəyə daxil olan zaman verəcəyini bildirmişdir. Şöbədə Kərəm adlı polis əməkdaşı onun əlində olan idman çantasının içindəki əşyalara baxıb onu ələ salmışdır. O da ondan bacısına aid sənədi geri qaytarılmasını tələb edəndə aralarında mübahisə yaranmışdır. O, məcbur qalıb müqavimət göstərmişdir. Ədalətli qərar qəbul edilməsin xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X6 şahid qismində izahatında bildirdi ki, 27 sentyabr 2023-cü il tarixdə “102” xidmətindən daxil olmuş məlumatda ünvan 1 ünvanda yerləşən “Diplomat” oteldə saat 14 radələrində bir nəfər müştərinin işçiləri söyüb təhqir etməsi göstərilmişdir. Bununla əlaqədar yaradılmış əməliyyat qrupunun üzvü kimi o və iş yoldaşı X3 həmin yerə getmişlər. Müəyyən olunmuşdur ki, oteldə müştəri kimi qalan Şəxs həmin günü bir gecəlik oteldə qalmış, lakin günorta saat 12-də otağı təhvil verib çıxmamış, buna görə də otelin işçisi ona irad bildirəndə, aralarında mübahisə yaranmış və o, işçiləri qarşı nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Şəxs otelin yanında olan kafedə olduğunu müəyyən edib onu izahatın alınması üçün onu 22-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə bu şəxsin üzərində olan çantaya baxış keçirmək istəyərkən, sonuncu çantanın içərisində olan əşyaları yerə səpmişdir. O da bir-bir bu əşyalara baxaraq onları Rafaelə qaytarmış, bir kağız bükümünü görüb isə onun nə olduğunu soruşanda, sonuncu bacısına aid olduğunu deyib sənədi onun əlindən dartmış, daha sonra gözünə dogru gətirərək baxmasını istəmişdir. O da ondan əlini geri çəkilməsini tələb edəndə, Rafael onu itələyib alnına xəsarət yetirmiş, sonra xidməti paltarını cırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə təqdim edilmiş görüntüyə baxaraq iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Həmçinin iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 16:00-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdə, saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar