Məhkəmə qərarları › İş №3(006)-4533/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4533/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4533/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27645006 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27645006 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 09:25-də əsassız cərimə olunmuşdur. Belə ki, o, yolun sağ hissəsindən (yolun sağ hissəsində nv-ləri üçün nəzərdə tutulmuş dayanma adacığı və yaşayış məntəqəsindən çıxış hissəsi yerləşir) hərəkətə başlamışdır. Nişanlanma xətti (1.1) düz xətt olduğu üçün hərəkəti ilk zolaq dəyişmə manevrinə icazə verən xətlərə qədər düz davam etdirməli olmuşdur. Bu zaman şəhər kameraları ilə avtomobili cərimələnmişdir. Cərimənin görüntülərində hər şey açıqaşkar müşahidə olunur. Bakı şəhəri BPİ DYPİ-nə müraciətinə baxılarkən inspektor cərimənin yazıldığını və məhkəmə tərəfindən ləğv edilməli olduğunu bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib olunmuş EQ 27645006 nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27645006 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X3 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27645006 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27645006 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar