Məhkəmə qərarları › İş №3(006)-4536/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4536/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4536/2025 25.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC 356300,40 avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19344,74 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 izahatında qeyd etmişdir ki, MMC tərəfindən köçürülmüş valyuta vəsaiti məbləğində mallar Azərbaycan Respublikasına tam idxal olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mərkəzi Bank tərəfindən köçürülən məbləğ 356300,40 avro, bəyan edilməyən məbləğ isə 19344,74 avro, bəyan edilmiş yük gömrük bəyannamələrinin nömrələri **********0647 və **********1248 kimi göstərilmişdir. Mərkəzi Bank tərəfindən qeyd edilən **********0647 nömrəli yük gömrük bəyannaməsində malların dəyəri 160114.32 avro, **********1248 nömrəli yük gömrük bəyannaməsində isə malların dəyəri 236222.28 ABŞ dolları olaraq qeyd edilmişdir. MMC tərəfindən BAP 24-06/23 saylı müqavilə üzrə Türkiyənin BG GLOBAL TARİM URN.DAN.SAN. VE TİC şirkətinə 07 iyul 2023-cü il tarixdə 356300,40 avro və 28 sentyabr 2023-cü il tarixdə 178150,20 avro olaraq ümumilikdə 534450,60 avro məbləğində vəsait köçürülmüş bunun müqabilində xx.xx.2023-cü il tarixdə **********1248 saylı gömrük bəyannaməsi üzrə 236222.28 avro dəyərində, xx.xx.2023-cü il tarixdə **********2955 saylı gömrük bəyannaməsi üzrə 138114.00 avro, xx.xx.2023-cü il tarixdə **********0647 saylı gömrük bəyannaməsi üzrə 160114.32 avro dəyərlərində, ümumilikdə 534450,60 Avro məbləğində mallar tam şəkildə idxal olunmuşdur. İdxal olunan malların dəyəri 534450,60 (236222.28+138114+160114.32) avro olmuşdur. **********1248 saylı gömrük bəyannaməsi tərtib edilən zaman baxmayaraq ki, onunla birlikdə gömrük orqanına təqdim edilmiş invoysda da və müqavilədə də malların dəyəri avro olaraq qeyd edilmişdir, bəyannamədə texniki səhvə yol verilərək yük gömrük bəyannaməsinin 22-ci qrafasında malların valyutası olaraq 978 avro yerinə 840 ABŞ dolları qeyd edilmişdir. Sözügedən hal rəsmiləşdirmə zamanı gömrük orqanlarınında diqqətindən yayınmışdır. Malların rəqəmlə ifadə olunan dəyərləri düzgün olmuşdur və cəmləyəndə ümumi məbləğ köçürülən məbləğlə eynilik təşkil etməkdədir, yalnız **********1248 saylı gömrük bəyannaməsində yeni bəyannamə yaradılan zaman elektron gömrük sistemi avtomatik ilkin olaraq valyutanı ABŞ dolları olaraq seçməkdədir sonradan bəyannaməçi tərtib etmə zamanı valyuta fərqlidirsə müvafiq valyutanın koduna dəyişir, burada bəyannaməçinin tərtib etmə zamanı valyutanın avro olması diqqətindən yayınmış və sonradan rəsmiləşdirmə zamanı digər bütün sənədlərdə valyuta avro olaraq düzgün qeyd edildiyi üçün gömrük orqanları da bu detala diqqət yetirməmişdirlər. MMC tərəfindən ödənilən məbləğ dəyərində mallar qanunvericiliklə nəzərdə tutulmuş müddətə ölkə ərazisinə idxal olunmuşdur.Qeyd edilənlərə əsasən "xxxx" MMC-nin barəsində tərtib edilmiş protokolun əsassız olduğunu, əməldə inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə “BG GLOBAL TARİM URN.DAN.SAN. VE TİC” şirkəti arasında bağlanmış 24 iyun 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı müqaviləyə əlavədə qeyd edilən malları "xxxx" MMC-yə satmağı, alıcı isə mala görə ümumi 593834 avro ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda qeyd olunur ki, "xxxx" MMC 22 iyul 2023-cü il tarixdə ölkə xaricinə 356300,40 avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 19344,74 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********1248 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 24 iyun 2023-cü il tarixli müqavilə üzrə 07 iyul 2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 236222,28 avro məbləğində vəsait hesabına alınmış mallar 01 sentyabr 2023-cü il tarixdə ölkə ərazisinə idxal edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********2955 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 24 iyun 2023-cü il tarixli müqavilə üzrə 07 iyul 2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 138114 avro məbləğində vəsait hesabına alınmış mallar 25 oktyabr 2023-cü il tarixdə ölkə ərazisinə idxal edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********0647 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 24 iyun 2023-cü il tarixli müqavilə üzrə 07 iyul 2023-cü il tarixdə "xxxx" ASC-də olan bank hesabından köçürülmüş 160114,32 avro məbləğində vəsait hesabına alınmış mallar 30 oktyabr 2023-cü il tarixdə ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispoziyasından göründüyü kimi ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə “BG GLOBAL TARİM URN.DAN.SAN. VE TİC” şirkəti arasında bağlanmış 24 iyun 2023-cü il tarixli müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə qeyd edilən malları "xxxx" MMC-yə satmağı, alıcı isə mala görə ümumi 593834 avro ödəməyi öz üzərinə götürmüşdür. Bu məqsəd ilə 07 iyul 2023-cü il tarixdə 356300,40 avro və 28 sentyabr 2023-cü il tarixdə 178150,20 avro, ümumilikdə 534450,60 avro məbləğində pul vəsaiti satıcı şirkətin hesabına köçürülmüşdür. 01 sentyabr 2023-cü il tarixdə 236222,28 avro məbləğində vəsait hesabına, 25 oktyabr 2023-cü il tarixdə 138114 avro məbləğində vəsait hesabına və 30 oktyabr 2023-cü il tarixdə isə 160114,32 avro məbləğində, ümumilikdə 534450,60 avro məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmiş və bunu təsdiq edən müvafiq gömrük bəyannamələri tərtib edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati xətanın bilavasitə obyekti olmuş pul vəsaiti hesabına alınan mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar