Məhkəmə qərarları › İş №3(006)-4541/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4541/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4541/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 107; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə "xxxx" MMC 416.269,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov "xxxx" MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi B.M.Rzayev məhkəməyə etiraz təqdim edərək izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 15 noyabr 2022-ci il tarixli, KB-83-2-2022-163 (№ 4910) saylı məktubda Şəxs MMC-nin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinin yerinə yetirilməməsi (köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlərin banka vaxtında təqdim edilməməsi) bildirilmişdir (köçürülmüş məbləğin miqdarı - 622141,00 ABŞ dolları). Azərbaycan Respublikasının Mərkəzi Bankı, qeyd olunmuş məktub əsasında inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Qeyd olunmuş protokol əsassızdır, tam və hərtərəfli faktlar nəzərə alınmadan tərtib edilmişdir və protokolun ləğv olunması məqsədilə, aşağıdakı sübutları məhkəməyə təqdim edir. Şəxs MMC (Azərbaycan) ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (Türkiyə) və OOO "xxxx" (Rusiya) arasında meyvə və tərəvəzlərin alqısatqısına dair üçtərəfli razılıq əldə edilmişdir. Belə ki, həmin razılığa əsasən, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, OOO "xxxx" alıcı, Şəxs MMC isə vasitəçi kimi çıxış etməli idilər. Üç tərəfli razılaşdırılmış iradə ifadəsinin nəticəsi kimi üçtərəfli müqavilə bağlanmalı idi, lakin Şəxs MMC-nin keçmiş rəhbərliyin texniki səhvi nəticəsində aşağıdakı müqavilələr imzalanmışdır: Mülki qanunvericiliyə əsasən bu münasibətlər 3 tərəfli müqavilə ilə rəsmiləşdirilməlidir. Buna görə də 1) Şəxs MMC (vasitəçi) ilə 2) “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (satıcı) və 3) OOO "xxxx" (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 3 tərəfli müqavilə bağlanmışdır. Bu müqavilə əsasında sonradan tərəflər arasında 2 tərəfli müqavilələr də bağlanmışdır. Halbuki bu 2 tərəfli müqavilələrin bağlanmasına ehtiyac olmamış, bu səbəbdən də bu 2 tərəfli müqavilələrin bağlanması ilə bütün maliyyə-bank sənədləşdirmələrində səhvliklərə gətirib çıxartmışdır. Bununla da keçmiş rəhbərlik banka sənədləri təqdim edərkən də 3 tərəfli müqavilələr əvəzinə, 2 tərəfli müqavilələri təqdim etmiş, halbuki Türkiyəyə köçürülmüş valyutalara tərəflər 3 tərəfli müqavilələrdə üzərlərinə götürdüyü öhdəlikləri icra etmişlər. Həmin valyutaları Rusiya şirkəti Azərbaycan şirkətinə köçürülmüş, Azərbaycan şirkəti isə məhz həmin məbləğdə valyutaları Türkiyə şirkətinə köçürmüşdür. Türkiyə şirkəti isə həmin valyutalar müqabilində 3 tərəfli müqavilənin şərtinə uyğun olaraq Rusiya şirkətinə mal (meyvə) göndərmişdir. Bu barədə bank çıxarışı əlavə edilir. Həmin sənədləşdirmələr, müqavilələr aşağıdakı kimi olmuşdur. Belə ki: Şəxs MMC (alıcı) ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (satıcı) arasında bağlanmış № 01/8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Alqı-Satqı Müqaviləsi. Bu müqavilənin şərtlərinə əsasən satıcı alıcıya təzə meyvə tərəvəz məhsullarını satmağı alıcı isə satıcıya həmin məhsulların haqqını ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşdülər (2 tərəfli müqavilə). - Şəxs MMC (satıcı) ilə OOO "xxxx" (alıcı) arasında bağlanmış № 25/2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı Müqaviləsi. Bu müqavilənin şərtlərinə əsasən satıcı alıcıya təzə meyvə tərəvəz məhsullarını satmağı alıcı isə satıcıya həmin məhsulların haqqını ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşdülər (2 tərəfli müqavilə). Şəxs MMC (vasitəçi) ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (satıcı) və OOO "xxxx" (alıcı) arasında bağlanmış № 25/2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı Müqaviləsi. Bu müqavilənin şərtlərinə isə əsasən, satıcı alıcıya vasitəçi vasitəsilə təzə meyvə tərəvəz məhsullarını satmağı alıcı isə həmin məhsulların haqqını vasitəçi vasitəsilə satıcıya yaxud birbaşa olaraq satıcıya ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşdülər (3 tərəfli müqavilə). Yuxarıda qeyd olunmuş müqavilələrdən tam və açıq aydın başa düşülür ki, tərəflərin iradə ifadəsi ondan ibarət idi ki, ООО "xxxx" (iki müqavilə üzrə alıcı qismində çıxış edir) təzə meyvə tərəvəz məhsullarını almaq niyyətində idi, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (iki müqavilə üzrə satıcı qismində çıxış edir) təzə meyvə tərəvəz məhsullarını satmaq niyyətində idi və Şəxs MMC isə təzə meyvə tərəvəz məhsulların alqısatqısında vasitəçi qismində çıxış etmək niyyətində idi. Lakin, yuxanda qeyd olunan kimi, keçmiş rəhbərliyin texniki səhvi nəticəsində, tərəflərin iradə ifadəsinə zidd olmayan, lakin artıq iki əlavə müqavilə imzalanmışdır. Ödənişləri həyata keçirən banka (Bank Respublika Azneft filialı) keçmiş rəhbərliyin texniki səhvi nəticəsində yalnız Şəxs MMC (alıcı) ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (satıcı) arasında bağlanmış № 01/8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ikitərəfli alqı-satqı müqaviləsi təqdim olunmuşdur və məhz bu səbəbdən, pul vəsaitlərinin ölkəyə geri qayıtması barədə məlumat bankda olmaması səbəbindən bu hal qanun pozuntusu kimi qiymətləndirilmişdir. Yəni, bankın Şəxs MMC tərəfindən xaricə köçürülən pulların əvəzinə malların ölkəyə gətirilməsini, yaxud pulların geri qayıtmasını izləmək imkanı yox idi. Yuxarıda qeyd olunmuş üçtərəfli müqavilə əsasında “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” (satıcı) tərəfindən təzə meyvə tərəvəz məhsulların ООО "xxxx" göndərilməsi barədə yük gömrük bəyannamələri əlavə olunur. 2021-ci ilin dekabr ayında tərəflərindən Bank Respublikanın (texniki səhvi nəticəsində təqdim olunmuş ikitərəfli müqavilə əsasında ödənişləri həyata keçirən bank) nümayəndələri ilə görüşlər keçirilmiş, müqavilənin düzgün olanı ilə əvəz edilməsi barədə təkliflər edilmiş və şifahi danışıqlar aparılmış, lakin, təəsüflər olsun ki, bu təklif bank tərəfindən qəbul edilməmişdir. Bank Respublikaya ünvanladıqları sorğunun cavabı, 30 noyabr 2022-ci il tarixli, № 2374 saylı məktubda verilmişdir. Qeyd olunmuş məktubda Bank Respublika tərəfindən etiraf edilir və təsdiq olunur ki, həqiqətən, Şəxs MMC tərəfindən düzgün olan üçtərəfli müqavilə (hansında ki, Şəxs MMC vasitəçi qismində çıxış edir), müvafiq YGB-lər Banka təqdim olunmuş, lakin Bank tərəfindən qəbul olunmamışdır. Və bu hal bir daha onu sübut edir ki, Şəxs MMC tərəfindən təqsirsiz olmasını sübut etməsi üçün bütün addımlar atılmış, bütün zəruri sənədlər təqdim olunmuş, lakin qəbul olunmamışdır. Bununla da həmin sənədlərlə tam müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İnzibati xəta mövcud olmamışdır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə 416.269,00 ABŞ dolları dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. İş materiallarında olan köçürmə sənədinə görə "xxxx" MMC tərəfindən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 255 saylı invoys üzrə xx.xx.2020ci il tarixdə 416.269,00 ABŞ dolları pul göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" şirkəti arasında xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı üçtərəfli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, "xxxx" MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmeti – meyvə və tərəvəzlərin beynəlxalq alqısatqısıdır. Vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir. Alıcı satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir. Məhsul Rusiya Federasiyasının ərazisinə çatdırılır. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışa görə ООО "xxxx" şirkəti tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixdə 815.000,00 ABŞ dolları pul göndərilir və elə həmin günü də 416.269,00 ABŞ dolları xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 255 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürülür. İş materiallarında olan Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib edilmiş mallara dair bəyannaməyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” tərəfindən ООО "xxxx" şirkətinə xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə üzrə 416.269,00 ABŞ dolları dəyərində göndərilmiş məhsul idxal olunub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və Rusiyada fəaliyyət göstərən ООО "xxxx" arasında xx.xx.2020-ci il tarixdə 25/2/2020 saylı üçtərəfli alqı-satqısı müqaviləsi bağlanılmış, eyni zamanda "xxxx" MMC “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı və ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilələr bağlanılmışdır. Üçtərəfli müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, "xxxx" MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmetini meyvə və tərəvəzlərin beynəlxalq alqı-satqısı təşkil edir, vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir, alıcı da satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir, məhsul isə Rusiya Federasiyasının ərazisinə çatdırılmalıdır. Bununla əlaqədar ООО "xxxx" şirkəti tərəfindən "xxxx"MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixdə 815.000,00 ABŞ dolları pul göndərmiş, MMC də həmin tarixdə bu vəsaitdən 416.269,00 ABŞ dolları xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 255 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürülür. Daha sonra xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqaviləyə uyğun olaraq “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” 416.269,00 ABŞ dolları dəyərində məhsulu ООО "xxxx" şirkətinə göndərir və onlar da Rusiya Federasiyasına idxal olunur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Belə ki, MMC-nin hesabına Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkətindən qabaqcadan göndərilən 815.000,00 ABŞ dolları məbləğində pul daxil olmuş və "xxxx" MMC də məhz bu vəsaitdən 416.269,00 ABŞ dollarını Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına köçürmüş, nəticədə də sonuncu şirkət sifariş verilmiş məhsulları alıcı olan ООО "xxxx" şirkətinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar