Məhkəmə qərarları › İş №3(006)-4544/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4544/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4544/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 107; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 624000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Şəxs MMC ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" arasında meyvə və tərəvəzlərin alqı-satqısına dair üçtərəfli razılıq əldə edilmişdir. Belə ki, həmin razılığa əsasən, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" alıcı, Şəxs MMC isə vasitəçi kimi çıxış etməli idilər. Üç tərəfli razılaşdırılmış iradə ifadəsinin nəticəsi kimi üçtərəfli müqavilə bağlanmalı idi, lakin Şəxs MMC-nin keçmiş rəhbərliyinin texniki səhvi nəticəsində müqavilələr imzalanmışdır. Mülki qanunvericiliyə əsasən bu münasibətlər 3 tərəfli müqavilə ilə rəsmiləşdirilməlidir. Buna görə də Şəxs MMC ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" arasında xx.xx.2020-ci il tarixdə 3 tərəfli müqavilə bağlanmışdır. Bu müqavilə əsasında sonradan tərəflər arasında 2 tərəfli müqavilələr də bağlanmışdır. Halbuki, bu 2 tərəfli müqavilələrin bağlanmasına ehtiyac olmamış, bu səbəbdən də bu 2 tərəfli müqavilələrin bağlanması ilə bütün maliyyə-bank sənədləşdirmələrində səhvliklərə gətirib çıxartmışdır. Bununla da keçmiş rəhbərlik banka sənədləri təqdim edərkən də 3 tərəfli müqavilələr əvəzinə, 2 tərəfli müqavilələri təqdim etmiş, halbuki, Türkiyəyə köçürülmüş valyutalara tərəflər 3 tərəfli müqavilələrdə üzərilərinə götürdüyü öhdəlikləri icra etmişlər. Həmin valyutaları Rusiya şirkəti Azərbaycan şirkətinə köçürmüş, Azərbaycan şirkəti isə məhz həmin məbləğdə valyutaları Türkiyə şirkətinə köçürmüşdür. Türkiyə şirkəti isə həmin valyutalar müqabilində 3 tərəfli müqavilənin şərtinə uyğun olaraq Rusiya şirkətinə mal göndərmişdir. Bu barədə bank çıxarışı təqdim edirlər. Həmin sənədləşdirmələr, müqavilələr bu formada olmuşdur ki, Şəxs MMC ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında bağlanmış № 01/8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Alqı-Satqı Müqaviləsinin şərtlərinə əsasən satıcı alıcıya təzə meyvə tərəvəz məhsullarını satmağı, alıcı isə satıcıya həmin məhsulların haqqını ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşlər. Şəxs MMC ilə ООО "xxxx" arasında bağlanmış № 25/2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Alqı-Satqı Müqaviləsinin şərtlərinə əsasən satıcı alıcıya təzə meyvə tərəvəz məhsullarını satmağı, alıcı isə satıcıya həmin məhsulların haqqını ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşlər. Şəxs MMC ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" arasında bağlanmış № 25/2/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Alqı-Satqı Müqaviləsinin şərtlərinə əsasən, satıcı alıcıya vasitəçi vasitəsilə təzə meyvə tərəvəz məhsullarını satmağı, alıcı isə həmin məhsulların haqqını vasitəçi vasitəsilə satıcıya yaxud birbaşa olaraq satıcıya ödəməyi üzərilərinə öhdəlik kimi götürmüşlər. Qeyd olunmuş müqavilələrdən tam və açıq aydın başa düşülür ki, tərəflərin iradə ifadəsi ondan olmuşdur ki, ООО "xxxx" təzə meyvə tərəvəz məhsullarını almaq, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” təzə meyvə tərəvəz məhsullarını satmaq və Şəxs MMC isə təzə meyvə tərəvəz məhsulların alqı-satqısında vasitəçi qismində çıxış etmək niyyətində idi. Lakin, keçmiş rəhbərliyin texniki səhvi nəticəsində, tərəflərin iradə ifədəsinə zidd olmayan, artıq iki əlavə müqavilə imzalanmışdır. Ödənişləri həyata keçirən banka keçmiş rəhbərliyin texniki səhvi nəticəsində yalnız Şəxs MMC ilə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında bağlanmış № 01/8/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ikitərəfli Alqı-Satqı Müqaviləsi təqdim olunmuşdur və məhz bu səbəbdən, pul vəsaitlərinin ölkəyə geri qayıtması barədə məlumat bankda olmaması səbəbindən bu hal qanun pozunutusu kimi qiymətləndirilmişdir. Yəni, bankın Şəxs MMC tərəfindən xaricə köçürülən pulların əvəzinə malların ölkəyə gətirilməsini, yaxud pulların geri qayıtmasım izləmək imkanı yox idi. Üçtərəfli müqavilə əsasında “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” tərəfindən təzə meyvə tərəvəz məhsulların ООО "xxxx" şirkətinə göndərilməsi barədə X2 təqdim edirlər. 2021-ci ilin dekabr ayında tərəflərindən Bank Respublikanın nümayəndələri ilə görüşlər keçirilmiş, müqavilənin düzgün olanı ilə əvəz edilməsi barədə təkliflər edilmiş və şifahi danışıqlar aparılmış, lakin, təəsüflər olsun ki, bu təklif bank tərəfindən qəbul edilməmişdir. Bank Respublikaya ünvanladıqları sorğunun cavabı, 30 noyabr 2022-ci il tarixli, № 2374 saylı məktubda verilmişdir. Qeyd olunmuş məktubda Bank Respublika tərəfindən etiraf edilir və təsdiq olunur ki, həqiqətən Şəxs MMC tərəfindən düzgün olan üçtərəfli müqaviləyə müvafiq YGB-ləri Banka təqdim olunmuş, lakin Bank tərəfindən qəbul olunmamışdır. Bu hal bir daha onu sübut edir ki, Şəxs MMC tərəfindən təqsirsiz olmasını sübut etməsi üçün bütün addımlar atılmış, bütün zəruri sənədlər təqdim olunmuş, lakin qəbul olunmamışdır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə yerləşən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı, xx.xx.2020-ci il tarixli, 242 saylı invoys üzrə xx.xx.2020ci il tarixdə 624000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilədən görünür ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqısatqısına dair müqavilə bağlanılmışdır; - xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilədən görünür ki, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair müqavilə bağlanılmışdır; - xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilədən görünür ki, Şəxs MMC, “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və ООО "xxxx" şirkəti arasında üçtərəfli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, Şəxs MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmeti – meyvə və tərəvəzlərin beynəlxalq alqısatqısıdır. Vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir. Alıcı satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir. Məhsul Rusiya Federasiyasının ərazisinə çatdırılır. - Şəxs MMC-nin "xxxx" ASC-dən olan hesabındakı çıxarışa görə ООО "xxxx" şirkəti tərəfindən MMC-yə xx.xx.2020-ci il tarixdə 624000,00 ABŞ dolları pul göndərilir və həmin günü 624000,00 ABŞ dolları xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı, xx.xx.2020-ci il tarixli, 242 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürülür; - Rusiya Federasiyasının gömrük orqanı tərəfindən tərtib edilmiş mallara dair bəyannaməyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” tərəfindən ООО "xxxx" şirkətinə xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilə üzrə 624000,00 ABŞ dolları dəyərində göndərilmiş məhsul idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” və Rusiyada fəaliyyət göstərən ООО "xxxx" arasında xx.xx.2020-ci il tarixdə 25/2/2020 saylı üçtərəfli alqı-satqısı müqaviləsi bağlanılmış, eyni zamanda Şəxs MMC “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” arasında təzə meyvə və tərəvəzlərin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı və ООО "xxxx" şirkəti arasında meyvə və tərəvəzlərin satışı və çatdırılmasına dair xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqavilələr bağlanılmışdır. Üçtərəfli müqaviləyə əsasən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” satıcı, ООО "xxxx" şirkəti alıcı, Şəxs MMC isə vəsitəçi qismində çıxış edir. Müqavilənin predmetini meyvə və tərəvəzlərin beynəlxalq alqı-satqısı təşkil edir, vasitəçi satıcıdan məhsulların alışını alıcının tapşırığı əsasında həyata keçirir, alıcı da satıcıya ödənişi vasitəçi vasitəsilə və ya birbaşa həyata keçirir, məhsul isə Rusiya Federasiyasının ərazisinə çatdırılmalıdır. Bununla əlaqədar ООО "xxxx" şirkəti tərəfindən "xxxx"MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2020-ci il tarixdə 624000,00 ABŞ dolları pul göndərilmiş, MMC də həmin tarixdə bu vəsaiti xx.xx.2020-ci il tarixli, 01/8/2020 saylı müqavilə ilə bağlı, xx.xx.2020-ci il tarixli, 242 saylı invoys üzrə “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nə köçürür. Daha sonra xx.xx.2020-ci il tarixli, 25/2/2020 saylı müqaviləyə uyğun olaraq “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ” 624000,00 ABŞ dolları dəyərində məhsulu ООО "xxxx" şirkətinə göndərir və onlar da Rusiya Federasiyasına idxal olunur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin sifarişi əsasında icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Belə ki, MMC-nin hesabına Rusiyada fəaliyyət göstərən ООО "xxxx" şirkətindən qabaqcadan göndərilən 624000,00 ABŞ dolları məbləğində pul daxil olmuş və Şəxs MMC də məhz bu vəsaitdən 624000,00 ABŞ dollarını Türkiyədə fəaliyyət göstərən “LEA GEMİCİLİK VE TASİMACİLİK LİMİTED SİRKETİ”nin hesabına köçürmüş, nəticədə də sonuncu şirkət sifariş verilmiş məhsulları alıcı olan ООО "xxxx" şirkətinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar