Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4545/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə ünvan 1 ünvanında “Lexus LX470 minik” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən, xəta nəticəsində zərər çəkmiş şəxs iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə görə qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Ə.Ş.Həsənov sözü gedən qərarın sürətini rəsmi olaraq xx.xx.2023-cü il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə onun telefonunda protokolun elektron versiyası əks olunduqdan sonra dərhal DİN-in “102” və “109” zəng xidməti mərkəzlərinə və Azərbaycan Respublikası DİN BDYPİ-nin rəhbərliyinə dəfələrlə yazılı və telefon bağlantısı ilə müraciət edərək qanunsuz və əsassız olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 saylı protokolun ləğv edilməsini bildirmişdir. Elektron qaydada çəkilmiş video və şəkillərdən də görünür ki, Ə.Ş.Həsənov qeyd olunan ərazidə avtomobili saxlamayıb. O yalnız keyfiyyətsiz benzin-yanacaq səbəbindən idarə etdiyi avtomobilin birdən-birə dartınmağa başladığını hiss edən kimi mühərriki 3-4 saniyəlik söndürüb yenidən işə salaraq yoluna davam etmişdir. Həmçinin, qərarda qeyd olunmuş küçədə-ərazidə dayanma-durma qaydaları ilə bağlı hər hansı qadağanedici nişan yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulmuşdur. Prosedur budur ki, dayanma və durma qaydalarını pozmaqla aşkar edilmiş, yaxud duracağa qoyulmuş avtomobillər üzrə qərar verən səlahiyyətli şəxslər DYP əməkdaşlarıdır. Bakı şəhərinin inzibati ərazisində isə həm də BNA-nın səlahiyyətli əməkdaşları bunu icra edir. Qanunvericiliyə görə, əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort-kompüter və ya planşetlə onun foto və ya video görüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Göründüyü kimi, bu prosedur qaydalarda kamera vasitəsi ilə elektron qaydada protokolun tərtib olunması nəzərdə tutulmamışdır. Kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulan inzibati xətaların siyahısı İXM-in 122.1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması hallarından heç biri yoxdur. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə əgər inzibati məsuliyyətə cəlb etmə zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilirsə, inzibati xəta haqqında icraat aparıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Həmin məcəllənin 135-ci maddəsində göstərilib ki, həmin məcəllənin 53.2-ci maddəsində göstərilmiş halın müəyyən olunması qəbul edilmiş qərarın yuxarı orqan tərəfindən və ya məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində həmin məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamışdır. Məhz xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli qərarda nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. Həmin inzibati xəta bilavasitə aşkar edilməyib, yəni qərarı qəbul etmiş səlahiyyətli orqanın əməkdaşı inzibati xətanı yerində aşkar etməmişdir. Belə olan halda isə inzibati xəta üzrə icraat qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslində həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; ikincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarından görünür ki, X4 tərəfindən törədilməsi ehtimal edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Lakin, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Belə olan halda, X2 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərarləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16553094 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4545/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4545/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver