Məhkəmə qərarları › İş №3(006)-4545/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4545/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4545/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları X5 X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili – X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X10 hər həftənin şənbə günü saat 16:00-dan 19:00-a kimi övladı X11 ilə görüş təşkil olunmuş, borclu, Şəxs icra sənədində göstərilən tələbi icra etməyərək icra məmurunun çağırışına tabe olmamış, nəticədə, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X12, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən iddiaçı X6 Cavabdeh Şəxs qarşı uşaqla ünsiyət tələbinə dair iddiası üzrə mülki iş yekunlaşanadək hər həftənin şənbə günü 3 saat (16:00-dan 19:00-dək) X7 azyaşlı övladı, xx.xx.2023-cü il təvəllüdlü X11 ilə anası Şəxs iştirakı və ya dayə X8 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. İcra işi icraata qəbul edildikdən sonra xx.xx.2024cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, həmin tarixli bildirişlə cavabdehə icra işi barədə rəsmi məlumat verilmişdir. Əvvəllər icra vərəqəsi könüllü icra olunmuş, sonradan Şəxs müxtəlif bəhanələr gətirərək icra vərəqəsinin könüllü icrasından yayınmışdır. Bu səbəbdən tələbkar müntəzəm olaraq şikayətlər etmiş, Şəxs icra vərəqəsi üzrə icra işlərini yerinə yetirmədiyindən barəsində inzibati protokol tərtib olunmuşdur. Sonda, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədindən məlumatlı olduğunu bildirdi. İcra işi ilə bağlı hər hansı müdaxilə olmayıbdır, əksinə hər dəfə ata ilə övladının görüşməsinə şərait yaratmışdır. Buna heç vaxt etiraz etməmişdir. Sadəcə hər görüş zamanı tələbkar uşaqla ünsiyyətdə kobudluq etmiş, uşağa qeyri qida rasionları vermiş və bu isə uşağın mədəsini pozmuş, uşağın yeni çıxan dişlərinə maneə yaratmışdır. Həmin ərəfədə uşaq xəstələnmiş və uşağın müalicəsi ilə məşğul olmuşdur. Uşağın mədəsi pozulduğundan uzun müddət müalicə almış, uşaqda halsızlıq olmuş və bununla bağlı xəstəxanaya da müraciət olunmuşdur. Ona görə də həmin ərəfədə tələbkarla uşağın görüşməsi mümkün olmamışdır. Uşaq sağaldıqdan sonra sonuncu dəfə dayənin iştirakı ilə 20 oktyabr 2024-cü il tarixində ata öz uşağı ilə görüşmüşdür. Göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 izahatında bildirdi ki, aprel ayından bu tərəfə icra işi ilə bağlı hər hansı bir problem olmamışdır. X20 uşağa qeyri qida məhsullarını yedirməsi nəticəsində uşağın mədəsi pozulmuş, həmin mədə pozulması ilə bağlı uşaq müalicə və müayinə olunmuş, müalicəsi ilə bağlı uşağın atası ilə görüşməsi mümkün olmamışdır. Bununla bağlı epikriz kağızını məhkəməyə təqdim etmişdir. Hüquqlarını müdafiə etdiyi Şəxs hərəkətlərində hər hansı bir qərəz yoxdur. Ona görə də protokolun təmin olunmamasını, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmiş, iddiaçı X6 cavabdeh Şəxs qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası üzrə mülki iş yekunlaşanadək hər həftənin şənbə günü 3 saat (16:00-dan 19:00-dək) X7 azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X11 ilə anası Şəxs və ya dayı X8 iştirakı ilə görüş vaxtı verilməsi qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli tələbin könüllü icra barədə bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və onlar, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X12, tələbkar X10, azyaşlının dayəsi X14, hal şahidi X15 xx.xx.2024-cü il tarixli aktı tərtib edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə görüş şöbənin inzibati binasında saat 16:00-da baş tutmuş, görüş zamanı heç bir qeyri hal baş verməmiş, görüş 19:00-da yekunlaşmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X12 tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsində borclu Şəxs izahatında bildirmişdir ki, onun faktiki və qeydiyyat üzrə yaşayış yeri fərqlidir, ünvan 1 ünvanında qeydiyyatda olmağına baxmayaraq daimi yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Bağ küçəsində yerləşən fərdi yaşayış evində atası ilə birgə yaşadığından icra məmuru tərəfindən göndərilən qərar və bildirişlərdən xəbərsiz olmuşdur. İcra sənədi üzrə tələb aydındır, bugünədək tələbkar onun iştirakı olmadan uşaqla görüşmüşdür, həmin görüşlərin hamısı dayə Afaq Qənbərovanın iştirakı ilə baş tutmuşdur. Tələbkar ilə şəxsən ünsiyyətə girmək və onunla görüşmək istəmədiyi üçün özü şəxsən görüşlərdə iştirak etməmişdir. X16 dayə vasitəsi ilə uşağa verilən qidalarla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq onun tərəfindən uşağa qida verilmiş və uşağın səhhətində problem yaranmışdır. Bunun nəticəsində 2 həftə ardıcıl olaraq uşağın müalicəsi ilə əlaqədar onu atası ilə görüşdürə bilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə tələbkar uşağı ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə uşağın səhhətində olan problemlə əlaqədar onları görüşdürə bilməmişdir. Bununla bağlı rəsmi həkim arayışı təqdim edilmişdir. Məhkəmə qərarını icra etməkdən, icra məmurunun qanuni tələblərinə riayət etməkdən boyun qaçırmır, uşağın səhhətində yaranmış problemlə əlaqədar olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə tələbkarın uşağı ilə görüşü baş tutmamışdır. X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “epikriz” arayışından görünür ki, xəstə xx.xx.2023-cü il təvəllüdlü Quliyev Cahangirə digər yeri-infeksion qastroenterit və kolitlər, atopik dermatit diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməli və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara (icra işindəki müvafiq sənədləri, epikriz arayışı və s.) məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan analoji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 16(006)-175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın icra edilməməsi ilə bağlı borclu Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar