Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4546/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:59-da X2 idarə etdiyi “Mercedes Benz E320 CDİ” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X6 ona “saxla” əmri vermiş və o avtomobili saxlamışdır. Həmin polis əməkdaşı ona idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük (pərdə) çəkdiyini bildirmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.4-cü maddəsi ilə protokol (İXP 5669705) tərtib etmişdir. Bu protokol əsasında BŞDYPİ-nin YPX inspektoru , polis serjantı X6 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 2.1.2-ci bəndində göstərilmişdir ki. Örtük jalüz, pərdə və ya plyonka mənasını ifadə edir. Həmin Qaydanın 3.2.1-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə minik avtomobillərində - plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verilir. Həmin Qaydanın 3.3-cü bəndində göstərilmişdir ki, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir. Həmin Qaydanın 3.4-cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Həmin Qaydanın 3.5-ci bəndində göstərilmişdir ki, plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Qanunvericiliyin bu normalarında yalnız nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmədiyi göstərilmiş, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə örtük-pərdə çəkilməsinin qadağan olunması göstərilməmiş, əksinə, nəqliyyat vasitələrinin hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitəsinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddinin məhdudlaşdırılmadığı göstərilmişdir. Göründüyü kimi, qəbul edilmiş qərar qanunvericiliyə ziddir. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin 7.3-cü bəndində göstərilmişdir ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitəsinin nasazlığı hesab edilir. Həmin bəndin “qeyd” hissəsində göstərilmişdir ki, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağı, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Buradan da görünür ki, şüşələrə hər hansı formada və ölçüdə örtüklər çəkilməsi o halda nəqliyyat vasitəsinin nasazlığı hesab edilir ki, həmin örtüklər sürücünün görünüş dairəsini məhdudlaşdıran və şüşənin şəffaflığını korlayan olmuş olsun. Onun barəsində qəbul edilmiş qərar “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin qeyd hissəsinə əsasən də qanunsuz və əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana və ya məhkəməyə verilir. Həmin məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bütün bunlar göstərir ki, BŞDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seiyalı, ******* saylı inzibati tənbeh vermə haqqına qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 3.2.1-ci bəndinə əsasən minik avtomobillərində nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verilir. X1 minik avtomobilinə pərdə asmışdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 09:59-da idarə etdiyi “Mercedes Benz E320 CDİ” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Göründüyü kimi qaydalara əsasən minik avtomobillərində pərdə asılmasına deyil, plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X8 oğlu barəsində Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4546/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4546/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver