Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4547/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: T.B.Nağıyev şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində X4 Xidmətinin Bakı şəhər İdarəsinin müavini X5 tərəfindən "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs T.B.Nağıyev barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN No ******* saylı İnzibati xəta protokolu tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixində X4 Xidmətinin Bakı şəhər İdarəsinin müavini F.T.Bağırov tərəfindən "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs T.B.Nağıyev barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN № ******* saylı İnzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməsi müddəti 10 gün ərzində nəzərdə tutulmuşdur və məhkəmənin diqqətinə çatdırır ki, tərəflərindən müvafiq qərarın surəti əlbəəl təqdim edilməsi yolu ilə xx.xx.2023-cü il tarixində edilmişdir. Hesab edir ki, iddiaçı barəsində tətbiq edilmiş MN № ******* saylı xx.xx.2023-cü il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir və qəbul edilməsi heç bir sübutla təsdiq edilməmişdir və ən əsası əsaslandırılmamışdır. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. Belə ki, T.B.Nağıyev oğlu barəsində protokolun tərtib edilməsinə əsas vətəndaş X2 tərəfindən 2021-ci ilin avqust ayından 2023-cü ilin 15 iyul tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar olmuşdur. Halbuki, "xxxx" MMC ilə Z.S.Abdullayev arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli xidmət müqavilələri imzalanmışdır ki, həmin xidmət müqavilələrinin predmetinə görə MMC sifarişçi qismində vətəndaş Abdullayev isə icraçı qismində çıxış edərək icraçı sifarişçinin sifarişinə əsasən istifadəsində olan Mercedes Atego 817 Yükmarkalı, qeydiyyat nömrəli, **-JO-*** (**-JB-*** əvvəlki nömrəsi) avtomobili ilə müqavilə üzrə müəyyənə olunmuş marşrut üzrə yükün daşınması xidmətini həyata keçirilməli sifarişçi isə öz növbəsində yerinə yetirilmiş xidmətin dəyərini icraçıya ödəməli idi. Bununla belə, tərəflərin arasındakı razılaşmaya əsasən sifarişçi icraçını yalnız zərurət olduğu hallarda məsələn öz ştatlı işçisi olan sürücüsü məzuniyyətdə olarkən və ya səhhətində problemlər olarkən, yaxud da sifarişçinin daşıma üzrə sifarişinin həcminin çoxluğu ilə xidmətlərindən yararlanması üçün müraciət edirdi. Qeyd edilən hallara dair müvafiq sübutlarını təqdim edir. Hazırki mübahisənin baş verməsinə səbəb məhz sifarişçi tərəfindən qeyd edilən xidmət müqavilələri üzrə onun üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməyərək icraçnın xidmət haqqını ödəməməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq X4 Xidmətinin Bakı şəhər İdarəsinin müavini F.T.Bağırov tərəfindən "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs T.B.Nağıyev barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi T.B.Nağıyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Z.S.Abdullayev ilə arasında xidmət müqaviləsi bağlanılmışdır. Göstərilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi E.İ.Əliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi T.B.Nağıyevlə Z.S.Abdullayev arasında xidmət müqaviləsi bağlanılmışdır. T.B.Nağıyevin əsas fəaliyyəti yük avtomobil nəqliyyatın fəaliyyətidir. Bundan başqa, bağlanılmış xidmət müqaviləsində Z.S.Abdullayevin əsas fəaliyyətinin sürücü olması göstərilmişdir. Belə olan halda isə Z.S.Abdullayevlə xidmət müqaviləsi deyil, əmək müqaviləsi bağlanılmalıydı. Belə ki, Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibət əmək münasibəti hesab edilir və onun mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, vətəndaş Z.S.Abdullayev əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2021-ci ilin avqust ayından 2023-cü ilin 15 iyul tarixinədək "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə həmin MMC-nin direktoru T.B.Nağıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 4.000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, B/2 saylı xidmət müqaviləsindən görünür ki, tarixinədək "xxxx" MMC-nin direktoru T.B.Nağıyevlə və Z.S.Abdullayev arasında həmin tarixdə xidmət müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş yerli investisiyalı MMC-nin e-qeydiyyat ərizəsindən görünür ki, "xxxx" MMC-nin fəaliyyət sahəsi yük avtomobil nəqliyyatlarıdır (əsas). İş materiallarına əlavə edilmiş vətəndaş Z.S.Abdullayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, o, "xxxx" MMC-də əmək müqaviləsi olmadan fəaliyyət göstərir, şirkətə dəfələrlə müraciət etməsinə baxmayaraq həmin müqavilənin surəti ona təqdim edilməmişdir. Hal-hazırda o, işdən kənarlaşdırılmışdır və ona heç bir təzminat ödənilmir. İş materiallarına əlavə edilmiş vətəndaş Z.S.Abdullayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətindən görünür ki, o, "xxxx" MMC-də əmək müqaviləsi olmadan fəaliyyət işə cəlb edildiyini və ona heç bir məlumat vermədən işdən azad edildiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Z.S.Abdullayev əmək müqaviləsi bağlanılmadan "xxxx" MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb edilmiş və nəticədə qanuni olaraq həmin MMC-nin direktoru T.B.Nağıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 4.000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7.2-4-cü maddəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarı qanuni və əsaslı olduğundan T.B.Nağıyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4547/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4547/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver