Məhkəmə qərarları › İş №3(006)-4551/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4551/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4551/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 iştirakları ilə, xx xxx 1983-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Siyaku Ə/D, Siyaku kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 28 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 saylı binanın qarşısında X1 məxsus “Lexus” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin tərəf şüşəsini sındıraraq içərisindən 500 manat məbləğində pul vəsaitini gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 saylı binanın qarşısında saxladığı özünə məxsus “Lexus” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin tərəf şüşəsinin naməlum şəraitdə, naməlum şəxs(lər) tərəfindən sındırılaraq içərisindən 500 manat məbləğində pul vəsaitinin oğurlandığını bildirmişdir. Polis şöbəsində təhqiqatçı Elxan Qasımov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X1 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Şəxs polis şöbəsində əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 28 iyul 2025-ci il tarixdə gecə radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində yaşayış binasının qarşısında dayanmış hərəkətsiz vəziyyətdə olan “Lexus” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq sərnişin tərəf şüşəsini daş parçası ilə sındıraraq içərisindən saxlanc yerində olan 450 manat pulu götürmüş və yoluna davam edərək oranı tərk etmişdir. Sonradan mülki geyimli polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu və ona vaxt verilərsə dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəyəcəyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 saylı binanın qarşısında saxladığı özünə məxsus “Lexus” markalı ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin tərəf şüşəsinin sındırılaraq içərisindən 500 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Bundan sonra o, həmin gün DİN-in 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonradan hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilərək tutulmuşdur. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2025-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elxan Qasımovun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 28 iyul 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar