Məhkəmə qərarları › İş №3(006)-4554/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4554/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4554/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 oğlunun iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala Bakı şəhəri Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 21 sentyabr 2023cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 12583,93 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 12583,93 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisi X3 verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, şirkətin keçmiş əməkdaşı X2 şirkətin vəsaitini mənimsəyərəq dələduzluq etmişdir və bununla bağlı Nərimanov RPİ-nin İŞ-də araşdırma gedir. Belə ki, A.N.Abdullayev və yaxını Rusiya Federasiyasında qondarma şirkət qurmuş və tərəflərindən iki dəfə olmaqla həmin şirkətə vəsait köçürülmüşdür (20000 və 13000 ABŞ dolları). Guya ki, Rusiya federasiyasında olan şirkət onlara tikinti materialları göndərəcəkdir. Sonra məlum olmuşdur ki, onlara qarşı dələduzluq edilmişdir. Göründüyü ki, göndərilmiş vəsaitlərin və ya onun əvəzində olan malların qaytarılmaması "xxxx" MMC-nin hərəkət və hərəkətsizliyindən yaranmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən həmin tarixdə Rusiya Federasiyasında yerləşən “OOO Palas” şirkətinin bank hesabına 12583,93 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Nərimanov rayon prokuroru H.Nurəlibəyovun 23 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında qərarından görünür ki, F.Ş.Mehdiyev şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək tanışı A.N.Abdullayevin 2021-ci ilin avqust ayında ona Rusiya Federasiyasında tikinti materialları gətirməyi vəd edib 32.500 ABŞ dolları pulunu ələ keçirməsini və bundan sonra 2022-ci ilin yanvar ayından avqust ayına kimi olan müddət ərzində 221.000 ABŞ dolları pulunu alaraq onun çoxsaylı təkidlərindən sonra 50.000 ABŞ dolları pulunu qaytarsa da cəmi 203.500 ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdir. F.Ş.Mehdiyevin ərizəsi əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-nin sabiq müstəntiqi Mehman Ələsgərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon prokurorluğunun Binəqədi RPİ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, F.Ş.Mehdiyevin 203.500 ABŞ dolları məbləğində pulunun tanışı A.N.Abdullayev tərəfindən dələduzluqla ələ keçirilməsi barədə müraciəti əsasında Nərimanov RPİ-nin İŞ-də toplanmış material A.N.Abdullayevin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Binəqədi RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək eyni icraatda istintaqın davam etdirilməsinin təmin edilməsi məqsədi ilə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 12583,93 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən iki ildən artıq müddətin keçməsinə baxmayaraq 12583,93 ABŞ dolları məbləğində vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə icraat xitam verilməsi üçün əsaslı hesab etmir. Belə ki, hal-hazırda Nərimanov rayon prokuroru H.Nurəlibəyovun 23 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında qərar qəbul edilsə də, iş üzrə istintaq yekunlaşmadığından, yəni, 12583,93 ABŞ dolları məbləğində xarici valyutanın A.N.Abdullayev tərəfindən dələduzluqla ələ keçirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından qeyd olunan xüsusat iş üzrə icraata xitam verilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 12583,93 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 2516 (iki min beş yüz on altı) ABŞ dolları, 79 (yemiş doqquz) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar