Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4554/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər BPİ X5 İdarəsinin polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Laçın rayonu, Ağanus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, Laçın rayonu, H.Aslanov küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhər BPİ X5 İdarəsinin polis baş serjantı X3 tərəfindən İXM-in 333-1.4-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolu müdafiə edərək bildirdi ki, 30 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində 2 nəfər qadın və 1 nəfər kişi ona yaxınlaşaraq avtobus sürücüsünün özündə olmadığını, bu səbəbdən də avtobusun sərnişinlər tərəfindən məcburən dayandırıldığını və ondan kömək istədiyini bildirmişlər. Bundan sonra yoxlama məqsədi ilə tərəfindən “DAEWOO BS090” Avtobus markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs yaxınlaşmış və sonuncunun qeyri-adekvat hərəkətlər etməsini müşahidə etmişdir. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşmışlar. Bundan sonra Şəxs tibbi müayinədən keçirilmiş və sonuncunun avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra tərəfindən Şəxs barəsində müvafiq protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 30 oktyabr 2024-cü il tarixdə günorta saatlarında bədənində ağrılar olduğundan “tramadol” maddəsindən istifadə etmiş və həmin gün saat 17 radələrində “DAEWOO BS090” Avtobus markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşıyaraq, hərəkətdə olduğu zaman sərnişinlər ona yaxınlaşaraq avtobusu saxlamasını tələb etmişlər. Bundan sonra, o, avtobusu saxlamış və sərnişinlər avtobusu tərk etmişlər. Daha sonra yol polis əməkdaşı onun yanına gəlmiş və tibbi müayinədən keçməsi üçün müvafiq tibb məntəqəsinə aparmışdır. Orada yoxlama zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun barəsində müvafiq protokol tərtib edilmişdir. Onun himayəsində xəstə anası olduğundan və anası bir həftə əvvəl insult keçirdiyindən üç gün ərzində yuxusuz olmuşdur. İzahatının sonunda törətmiş olduğu inzibati xətanı etiraf etməklə əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində inzibati həbslə bağlı olmayan tənbeh tətbiq olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 333-1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/1193 saylı, xx.xx.2024cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə olunan Şəxs analizində “TMC(+)” tramodol qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. CD diskdən görünür ki, “DAEWOO BS090” Avtobus markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtobus sürücüsü yol hərəkət qaydalarını kobud surətdə pozaraq hərəkətinə davam etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdən, saat 21:09-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 333-1.4cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 333-1.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 333-1.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən, saat 21:09-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və X2 Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4554/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4554/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver