Məhkəmə qərarları › İş №3(006)-4558/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4558/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4558/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Tərcüməçi - X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 özünü qeyri-adekvat apararaq polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nəsimi RPİ-nin PPXB-nün polis nəfərləri 14 saylı marşrutda xidmətdə olan zaman olan zaman bir nəfər şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində, «Qış» parkının yaxınlığında özünü qeyri adekvat apararaq səs küy saldığını, nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq əvvəl özlərini təqdim etmiş və sonra onu asayişi qorumağa, sakitləşməyə, iltizama dəvət etmişlər. Həmin şəxs polisin qanuni tələblərinə riayət etməmiş, öz hərəkətlərinə davam etmiş, Daha sonra vətəndaş Şəxs 21-ci Polis Bölməsinə gətirilmiş, onun izahatı alınmış, şəxs özünü xarici vətəndaş kimi, təqdim etmiş, şəxsiyyəti barədə dəqiq məlumatlar verməmişdir. Bu şəxsin xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş Şəxs olması barədə dəqiqləşmə aparıldıqdan sonra, toplanmış material əsasında onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq vətəndaş Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun ikili vətəndaşlığı var, həm İngiltərə, həm də X4 vətəndaşıdır. Şəxs ona Azərbaycanda verilən ad və soyadddır. Protokola münasibət bildirdikdə isə heç yerdə səs küy salmamış, sadəcə parkda mürgülədiyi yerdə gəlib onu polis nəfərləri oyatmış, o da etirazını bildirmişdir, bölməyə aparmaq istəyəndə isə hansı səbəbdən bölməyə aparıldığını soruşmuşdur. Polis əməkdaşına hər hansı bir təyziq göstərməmiş, onlara sadəcə etirazını bildirib onlarla Polis Bölməsinə gəlmişdir. Heç bir inzibati xəta hadisəsi törətmədiyindən icraata xitam verilməsini xahiş etdi. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, Nəsimi rayonu, ünvan 2 ünvansız küçə söyüşləri işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş, polis əməkdaşının ictimai qaydanı pozmamaq və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 13:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar