Məhkəmə qərarları › İş №3(006)-456/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-456/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-456/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında 22-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 61, mənzil 40-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 26 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşif Behbudov və Füzuli küçələrinin kəsişməsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X5 izahatında göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə Rəşid Behbudov ilə Füzuli küçələrinin kəsişməsində “Chevrolet Cruze” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “1.18” yol nişanının tələbini pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs özünü təqdim etmədən “hamı qayda pozur da” ifadəsini işlədərək avtomobilə əyləşərək tabesizlik göstərərək hərəkətə başlamış, bu zaman yolpatrul xidməti inspektoru X1 əli avtomobilin qapısında olmuş və nəticədə onun barmağına zərər yetirmişdir. Daha sonra həmin sürücü saxlanılmış və onun Şəxs olduğu məlum olmuşdur. Şəxs şöbəyə aparılan zaman polis əməkdaşlarına qarşı təhqiredici ifadələr işlətmiş və qaçmağa cəhd göstərmişdir. Bu səbəbdən də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 26 yanvar 2024-cü il tarixdə “Chevrolet Cruze” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə hərəkətdə olarkən sola Füzuli küçəsinə dönəndə onu yol-patrul xidməti əməkdaşı saxlayıb qayda pozduğunu bildirmiş, lakin o, qayda pozmadığını və ondan başqa digər avtomobillər də həmin qaydanı pozduğunu söyləmişdir. Sonra avtomobilinə əyləşmiş, lakin polis əməkdaşı onu maşından düşürdərək tabesizlik göstərməsini deyib 22-ci polis şöbəsinə aparmışlar. Müharibə veteranıdır, “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Polis əməkdaşlarından da üzr istəyir. Məhkəmədə Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru X6 şahid qismində izahatında bildirdi ki, 26 yanvar 2024-cü il tarixdə səhər saatlarında Rəşid Behbudov ilə Füzuli küçələrinin kəsişməsində xidmət aparan zaman “Chevrolet Cruze” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşid Behbudov küçəsində “1.18” yol nişanının tələbini pozduğu üçün saxlanılmışdır. O, qayda pozuntusunu izah edərək həmin sürücüdən avtomobilə dair sənədləri tələb etmişdir. Lakin bu şəxs sənədləri təqdim etmədən “hamı qayda pozur da” ifadəsini işlədərək avtomobilə əyləşib hərəkətə başlamışdır. Bu zaman onun sağ əli avtomobilin qapısında olduğu üçün barmağı zədələnmişdir. Daha sonra polis həmkarının köməkliyi ilə həmin avtomobil saxlanılmış və bu şəxs özünü Şəxs kimi təqdim edərək müharibə iştirakçısı olduğunu demişdir. Bundan sonra bu şəxs 22-ci polis şöbəsinə aparılmış, yolda olduğu zaman da onları təhqir etmiş, hətta maşından düşüb qaçmaq istəmişdir. İş materiallarında olan:  Kompakt diskdəki görüntülərdən aydın olur ki, Chevrolet Cruze” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılır, sürücü maşından düşərək polis əməkdaşı ilə mübahisə edir və avtomobilə əyləşərək onu hərəkət etdirir, bu zaman polis əməkdaşı avtomobili saxlamağa cəhd göstərərək onun qapısını açmağa çalışsa da, maşın hərəkətdə olur, daha sonra digər polis əməkdaşı avtomobilin qarşısına çıxdığına görə sürücü məcbur olub avtomobili saxlayır;  Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2714 saylı Sərəncamı ilə Şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar