Məhkəmə qərarları › İş №3(006)-4560/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4560/2020

30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4560/2020 30.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili X4 iştirakları ilə X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 02 saylı ünvanda yerləşən və bir hissəsi kafe qismində fəaliyyət göstərən “Karat” adlı bilyard klubunda çay içən zaman Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru Zaur Hacızadə və digər polis işçiləri obyektə daxil olaraq ilk öncə bəzi işçilərin tibbi maskadan istifadə etmədiklərini, daha sonra isə karantin rejimində bilyard klubun fəaliyyətinin qadağan olduğunu bildirərək onu polis bölməsinə aparmışlar. Orada qanunsuz olaraq 3 saat saxlanıldıqdan sonra ona 3.000 manat məbləğində pul ödəmədən buraxılmayacağı bildirilmişdir. O isə bununla razılaşmayaraq qanuni şəkildə barəsində protokol tərtib olunaraq sərbəst buraxılmasını xahiş etmişdir. Lakin polis işçiləri buna əhəmiyyət verməmiş, o da evdə xəstə anasının narahahatçılıq keçirdiyini və onun evinə gedərək həmin pulu götürə biləcəklərini dedikdən sonra onunla razılaşmışlar. Polis işçiləri onun evindən 3.000 manat pulu götürdükdən sonra o, sərbəst buraxılmış və bölmədən komendat rejimii ilə bağlı gec olduğundan onların avtomobili ilə evə göndərilmişdir. Hadisə barədə “102” xidmətinə məlumat versə də, çoxsaylı şikayətlərindən sonra polis əməkdaşları onun evinə gələrək cərimə ödənişi barədə qəbzi ona təqdim etmişlər. O, 20-ci polis bölməsinə yaxınlaşaraq barəsində tərtib edilmiş protokolun surətini tələb etsə də, bundan imtina olunmuş və yenidən “102” xidmətinə şikayəti əsasında protokolda yazılanlarla razı olmadığına dair qeyd apararaq onun surətini əldə edə bilmişdir. Həmin protokolda xətanın mahiyyəti ona aydın olmadığından eyni qaydada çoxsaylı müraciətlərindən sonra xx.xx.2020-ci il tarixdə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini almışdır. Qərarın surətini aldıqdan sonra ona “Karat” adlı bilyard klubunda karantin dövründə müştəri qəbul etdiyinə görə vəzifəli şəxs qismində 3.000 manat məbləğində cərimə olunduğu məlum olmuşdur. Lakin karantin dövründə bilyard klublarının fəaliyyətinə qadağa qoyulması ilə bağlı norma mövcud deyil və eyni zamanda həmin obyekti o işlətmir, orada hər-hansı vəzifə daşımır. Buna görə də o, qərarla razı deyil. Çünki heç bir inzibati xəta törətməmişdir. Qeyd olunan qərar əsassız olduğundan onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş vermiş şəxsin vəkili X7 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X6 Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 02 saylı ünvanda yerləşən “Karat” adlı bilyard klubunu işlədərək xüsusi karantin rejimi qaydalarını pozmuşdur; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; - ödəniş terminalından olan çıxarışdan aydın olur ki, X6 tərəfindən xx.xx.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol üzrə “DİN xidmətinə nəğd ödəniş” adlı əməliyyat əsasında cərimə (Covid-19) ilə bağlı 3.000 manat ödəmişdir; - əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə dair sistemdən çıxarışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdən müddətsiz əmək müqaviləsi üzrə işəgötürən qismində X3 olmaqla sex rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Belə ki, X6 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 02 saylı ünvanda yerləşən və bir hissəsi kafe qismində fəaliyyət göstərən “Karat” adlı bilyard klubunu karantin dövründə işlətdiyinə görə vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə 3.000 manat məbləğində cərimə olunaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin bu zaman aşkar olunmuş pozuntu ilə bağlı obyektin sahibi olaraq vəzifəli şəxs qismində R.Hüseynov barəsində protokol tərtib olunsa da, protokol və qərarda həmin klubun ona məxsus olması və ya onun orada hər hansı vəzifəyə sahib olması ilə bağlı hər hansı dəlilə rast gəlinmir. Bununla yanaşı bilyard klubunda baş vermiş pozuntuya dair qadağanın mahiyyəti, onu törədən və məsuliyyətə cəlb edilməli olan subyektlə bağlı kifayət qədər araşdırma aparılmadan şəxs barəsində tənbeh tətbiq olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar