Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4562/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində etibarnamə ilə idarə etdiyi “Toyota Prius (hibrid)” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, C.Hacıbəyli kuçəsi ilə hərəkətdə olarkən özünü təqdim etməməsi səbəbindən müəyyənləşdirə bilmədiyi X7 əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun saxlanma səbəbini C Hacıbəyli küçəsində hərəkətdə olarkən və dönmə əməliyyatını yerinə yetirərkən yolayırıcıya svetoforun qadağanedici işarəsi zamanı hərəkətinin davam etdirilməsi ilə əsaslandırmağa çalışmışdır. Törətdiyi güman olunan inzibati xəta hadisəsi ilə bağlı bilavasitə vəzifə borcu olsa belə konkretliyi ilə ona sübut edə bilməyincə barəsində inzibati xəla haqqında protokol tərtib etmişdir. O, isə öz növbəsində həmin protokola etirazını bildirərək zəruri yazılı qeydlərini etmiş və inzibati işə baxılması üçün müvafiq idarəyə dəvət olunacağını güman edərək bir müddət gözləməyə başlamışdır. Etirazının isə əsas səbəbi yolayırıcını svetoforun qırmızı işığında deyil, yolayrıcını artıq keçməkdə olarkən yalnız sarı işığının yanmağa başlaması, bu məqamda isə kifayət qədər intensiv olan hərəkət zamanı qəfil tormozlama ilə arxadan gələn nəqliyyat vasitələri üçün real təhlükə yaradılmaması, eyni zamanda yol polisi əməkdaşının da israr etdiyi guya qırmızı işıqda yolayırıcıya daxil olmağının sübuta yetirilməsi üçün foto-video görüntülərin əldə edilməsi olmuşdur. Bir müddət gözlədikdən sonra müvafiq idarəyə dəvət olunmayınca xx.xx.2023-cü il tarixində bu dəfə elektron qaydada şikayət etmək məcburiyyətində qalmışdır. Çox təəccüblüdür ki, məhz həmin, yəni xx.xx.2023-cü il tarixinə saat 13:00-a Bakı şəhər X7 İdarəsinə dəvət olunmağı ilə bağlı xx.xx.2023-cü ildə poçt vasitəsi ilə göndərilən rəsmi bildirişi xx.xx.2023 cü il tarixində almışdır. Absurd hesab olunacaq bu vəziyyəti araşdırmaq üçün rəsmi bildirişi aldığı günün ertəsi günü çağırıldığı ünvana gedərək müvafiq sənədləri təqdim edərək ilk öncə bu məsələnin araşdırılmasını xahiş etmişdir. Artıq inzibatı tənbeh tətbiq etmə haqqında qərarın qüvvəyə mindiyini deyən və çaşqınlıq içində olan əməkdaşa baxdıqdan sonra nədənsə geri qaytarmaq istəmədiyi həmin zərfi geri alaraq, məsələyə yalnız məhkəmədə obyektiv baxılaraq hüquqi qiymət verilməsinin mümkünlüyünü nəzərə alaraq bu şikayəti yazmaq qərarına gəlmişdir. Hazırda Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdəki maşın onun deyildir. Göstərilənlərə əsasən, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, onlar videogörüntü təqdim etmişlər və həmin görüntüdə sürücünün svetaforun qadağanedici işarəsində hərəkət etdiyi açıq-aşkar müəyyən olunur. Buna görə də X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 yol hərəkəti qaydalarını pozmadığını, onun avtomobilinə bənzər başqa bir maşın tərəfindən pozulduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı svetoforun qadağanedici işarəsində hərəkətin davam etdirməklə yol hərəkəti qaydasını pozan maşının “Toyota Prius (hibrid)” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması, həmçinin həmin avtomobilin sürücünün X4 tərəfindən idarə olunması təsdiq edilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4562/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4562/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver