Məhkəmə qərarları › İş №3(006)-4567/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4567/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4567/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs İbrahim qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx) subay, orta təhsili, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus palto və digər əşyaları gizli yolla götürərək satmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru A.A.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə, oğlu Şəxs yaşadıqları mənzildə ona məxsus olan palto və digər əşyaları gizli yolla götürmüş və satmışdır. Vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında PŞ-də araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə polis sahə rəisi A.A.Əliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs narkotik vasitə istifadəçisidir, sonuncu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilməmişdir və buna görə də, zərərçəkmiş şəxs Şəxs şikayətçidir. Bundan başqa, Şəxs Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində hökm çıxarılmışdır və hazırda məhkumluğu var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməldən özünü təqsirli bilməyərək bildirmişdir ki, paltonun itməsində onu təqsirləndirirlər, lakin o, heç bir oğurluq etməmişdir, buna baxmayaraq oğurlanan əşyanın əvəzinə yeni palto yerinə qoymuşdur. Həmçinin bildirmişdir ki, o, narkotik istifadəçisidir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişdir. Həmçinin bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:00da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs şikayətçidir, sonuncu narkotik istifadəçisidir və evdə olan əşyaları oğurlayıb sataraq narkotik alır. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi olmadığı üçün bu barədə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Nəsimi RPİ-nin 22-ci PŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs F.İ.X2 Nazirliyinə ünvanladığı ərizənin surətindən görünür ki, oğlu Şəxs narkotik vasitə istifadəçisidir, ondan narkotik almasını tələb edir, evini dağıdır, əşyalarını oğurlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, narkotik vasitə istifadəçisi olmasını, anasına maddi ziyan verməsini, dəfələrlə barəsində hökm oxunmasını və məhkum olmasını, zərərçəkmiş şəxsin, yəni anasının onun barəsində tədbir görülməsini və ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilmiş, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmuşdur. Həmçinin narkomaniya sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda cəmiyyətin maraqları narkotik vasitələrin dövriyyəsi və istehlakı ilə bağlı cinayət və ya inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni xx.xx.2023-cü il tarixdən, saat 16:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti Saxlanılanların Məntəqəsinə və Nəsimi RPİ-nin 22-ci PŞ-nə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar