Məhkəmə qərarları › İş №3(006)-4574/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4574/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4574/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Cəlilabad şəhəri, Hüseyn Cavid küçəsi, ev 68də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində etibarnamə əsasında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində tuneldən çıxan vaxtı qarşısına səki çıxdığı üçün maşını sola çəkmiş və idarəetməni itirib qarşı istiqamətə keçərək həmin vaxtı 3-cü mikrorayon bazarı istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “AUDİ A7 MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs2 və bu avtomobildə olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İ.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində əri Zərərçəkmiş şəxs1 məxsus “AUDİ A7 MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 3-cü mikrorayon bazarının yanında tunelə çatarkən qarşı istiqamətdən hərəkətdə olan “TOYOTA PRİUS” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına səki çıxdığı üçün sürücü maşını sola çəkmiş və idarəetməni itirib onun yoluna çıxmış, nəticədə avtomobillər toqquşmuşdur. Hadisə zamanı o və maşında olan əri yüngül dərəcəli bədən xəsarətləri almış, avtomobilə isə ciddi ziyan dəymişdir. “TOYOTA PRİUS” markalı avtomobilin sürücüsü Şəxs vurulmuş zərəri aradan qaldırmamış, ondan şikaytəçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərilənlərə uyğun izahat verərək Şəxs şikayətçi olduğunu göstərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində tuneldən çıxan hissədə baş vermişdir. “TOYOTA PRİUS” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətə keçərək “AUDİ A7 MİNİK” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Nəsimi rayon şöbəsinin:  12.09.2023-cü il tarixli, 1261 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin İV barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşayiət olinan qançır-şişkinliyi, burun belinin, sağ saidin, sağ əlin İİİ, İV, V barmaqlarının qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür;  12.09.2023-cü il tarixli, 1262 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin burun sümüyündə cüzi yerdəyişən sınıqla müşayiət olunan qançırı, döş qəfəsinin ön səthinin, hər iki saidin, sol əlin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; - 22.12.2022-ci il tarixli, BD seriyalı, 043609 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1,B,C1,C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - 17.12.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA PRİUS” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r və bu avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün Zərərçəkmiş şəxs1 verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar