Məhkəmə qərarları › İş №3(006)-459/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-459/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-459/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkarın nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-4746/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 7296,95 manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 7326,95 manat məbləğində pul tutularaq “Mətanət-A” şirkətinə ödənilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında bildirdi ki, borclu Şəxs edilmiş xəbərdarlığa baxmayaraq o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-4746/2020 saylı icra vərəqəsi üzrə müəyyən edilmiş borcu vaxtında ödəməmişdir. Hazırda isə Şəxs bugündən başlayaraq borcundan hissə-hissə ödənişlər edəcəyini bildirir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar “Mətanət-A” şirkətinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs “Mətanət-A” şirkətindən mal götürmüş və bunun müqabilində borcu yaranmışdır. Borclu borcundan müəyyən ödənişlər etmiş, lakin hazırda 5000 manat borcu qalmışdır. Şəxs bugündən başlayaraq borcunu hissə-hissə ödəyəcəyini bildirdiyindən və onlar borclunun həbs edilməsində maraqlı olmadıqlarından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, uzun müddətdir işləmədiyi üçün borcun ödənilməsində çətinliklər olmuşdur. Borcun bir hissəsini ödəmişdir. Bugündən başlayaraq qalmış borc üzrə hissə-hissə ödənişlər edəcəkdir. Sonda o, məhkəmə qərarına və icra məmurunun tələblərinə hörmətlə yanaşdığını və məhkəmədən ona borcunu ödəməyi üçün vaxt verilməsini, inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu ödəməkdən qəsdən yayınmamış, borcunu pandemiya ilə əlaqədar işsizlik səbəbindən ödəyə bilməmiş, məhkəmə iclasında verdiyi izahatında bugündən başlayaraq borcu hissə-hissə ödəyəcəyini bildirmiş, tələbkarın nümayəndəsi isə buna etiraz etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar