Məhkəmə qərarları › İş №3(006)-4599/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4599/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4599/2020 21.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1994-cü il tarixdə Naxçıvan MR, Culfa rayonu, Nəhəcir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Naxçıvan MR, Naxçıvan şəhəri, məhəllə 10, ev 10da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 72 saylı ünvanda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi X5 izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə “102” xidmətinə daxil olmuş məlumatda qeyd olunmuşdur ki, naməlum şəxs X1 mobil telefonuna ***-***-**-** saylı nömrədən zəng edərək Nəsimi rayonu, Azadlıq prospekti, 27 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzində olan “Bravo” supermarketi partladacağını bildirmişdir. Bununla bağlı keçirilmiş tədbirlər nəticəsində bu şəxsin Şəxs olduğu müyyən edilmişdir. Həmin gün Şəxs olduğu yer müəyyən olunmuş, və o, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 72 saylı ünvanın qarşısında 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məsələ barədə ona məlumat verilib şöbəyə getməsi təklif olunsa da, o, bundan qərəzli şəkildə imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. İxtiyar Tağıyevlə birlikdə eyni kənddə yaşamış və onun dostudur. İ.Tağıyevin “28 Mall” ticarət mərkəzində olan “Bravo” supermarketdə işlədiyini bildiyindən zarafat etmək məqsədilə ona zəng edib oranı partladacağını söyləmişdir. İxtiyarla adətən belə zarafat etdiyi üçün onun bu barədə polisə məlumat verə biləcəyi ağlına gəlməmişdir. Özünün həqiqətən hər hansı bir yeri partlatmaq kimi bir fikri olmamışdır. Polis əməkdaşlarına tabesizlik göstərməsinin səbəbi isə ilk dəfə polis şöbəsinə dəvət olunduğundan həyəcanlı olması idi. Törətdiyi əmələ görə peşmandır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili X3 izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə “102” xidmətinə daxil olmuş məlumatda naməlum şəxs X1 mobil telefonuna ***-***-**-** saylı nömrədən zəng edərək Nəsimi rayonu, Azadlıq prospekti, 27 saylı ünvanda yerləşən “28 Mall” ticarət mərkəzində olan “Bravo” supermarketi partladacağını bildirməsi qeyd olunmuşdur. Bununla bağlı keçirilmiş tədbirlər nəticəsində bu şəxsin Şəxs olduğu müyyən edilmişdir. Həmin gün Şəxs olduğu yer müəyyən olunmuşdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 72 saylı ünvanın qarşısında tərəflərindən saxlanılmış və ona məsələ bildirilərək polis şöbəsinə getməsi təklif olunmuşdur. Lakin heç bir səbəb göstərməyərək o bundan imtina etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən, saat 18:40-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:40-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar