Məhkəmə qərarları › İş №3(006)-4600/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4600/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4600/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 9, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 19562.50 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq 19562.50 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı vəsatətinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Şəxs MMC (bundan sonra – “Alıcı”) ilə Çin Xalq Respublikasında qeydiyyata alınmış “HEBEİ MONDAY İNTERNATİONAL TRADİNG CO., LTD” (bundan sonra “Satıcı”) şirkəti arasında “malların alqı-satqısına dair” müqavilə (bundan sonra – “Müqavilə”) və Müqaviləyə 1 nömrəli Əlavə imzalanmışdır. Müqavilə üzrə malların ümumi dəyərinin 50%-i miqdarında - 19.562,50 ABŞ dolları xx.xx.2022-ci il tarixində Alıcı tərəfindən satıcıya avans kimi ödənilmişdir. 1 nömrəli əlavəyə əsasən, malların satıcı tərəfindən çatdırılması üçün avans ödənişin edilməsindən sonra 60 günlük müddət nəzərdə tutulmuşdur. Bununla belə, satıcı müqavilə üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə yerinə yetirməmiş, müxtəlif bəhanələr gətirərək malları indiyədək təhvil verməmiş, habelə avans ödənişini geri qaytarmamışdır. Buna baxmayaraq, X5 və təşkilati işlər İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 (bundan sonra – “Vəzifəli Şəxs”) tərəfindən X2 Məcəlləsinin (bundan sonra – “İXM”) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətdə müvafiq malların idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) törətməsi nəticəsinə gəlinərək xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra – “Protokol”) tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, alıcı tərəfindən xx.xx.2022-ci il tarixdə xaricə 19.562,50 ABŞ dolları köçürülmüş və 2 il müddət keçsə də, 19.562,50 ABŞ dollar məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, yaxud həmin valyuta vəsaiti geri qaytarılmamışdır. Nəticədə alıcı tərəfindən xx.xx.2024cü il tarixində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hesab edirlər ki, protokol qanunsuz olaraq tərtib edilmiş və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Müqavilə üzrə malların idxal edilməməsi, yaxud xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması alıcının iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Yuxarıda qeyd edildiyi kimi, Satıcı müqavilə üzrə öhdəliklərinə vicdanla yanaşmamış, vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş və müxtəlif bəhanələr gətirərək malların təhvil verilməsindən boyun qaçırmışdır. Belə ki, Alıcı satıcıdan öhdəliklərinin icrasını avans ödənişi edildiyi tarixdən etibarən tələb etsə də, satıcı malları çatdırmamış və öhdəliklərinin icrasından yayınmışdır. Qeyd olunan fakt alıcı şirkətin qanuni təmsilçisi olan X1 və şirkətin digər işçiləri ilə satıcı şirkətin qanuni təmsilçisi olan Monday Liu arasında “Whatsap” sosial şəbəkəsi üzərindən aparılan yazışmalarla təsdiq edilir. Bununla yanaşı, alıcı aatıcıya xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yazılı, o cümlədən elekton pretenziya təqdim edərək müqavilə öhdəliklərinin dərhal icrasını və ya ödənilmiş avansın geri qaytarılmasını tələb etmiş, buna baxmayaraq, satıcı öhdəliklərini icra etməmişdir. Qeyd edilənlər ona işarə edir ki, 19.562,50 ABŞ dollar dəyərdə malların ölkəyə idxal edilməməsi, habelə həmin vəsaitin geri qaytarılmaması alıcı şirkətin iradəsindən asılı olmayan səbəblərdən, yəni satıcı şirkətin öz öhdəliklərini icra etməməsi səbəbindən baş vermişdir. Bu isə alıcı şirkətin İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətini istisna edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun İXM-in 483-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən qarşı tərəfin öhdəliyi icra etməməsi müqavilənin digər tərəfinin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Hazırki işin hallarından da görünür ki, satıcı şirkət alıcı şirkət qarşısında olan müqavilə öhdəliklərini icra etməmiş, bununla da ödənilmiş avans müqabilində malların idxal edilməməsi, yaxud vəsaitin xaricdən qaytarılmaması alıcının iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bu hal isə alıcı şirkətin iradəsindən asılı olmayan səbəb kimi çıxış etdiyindən və həmin səbəb onun təqsirini istisna edən əsas kimi qiymətləndirildiyindən onun əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması tamamilə istisna edilir. Vəzifəli şəxs isə qeyd edilən halları hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmamış və əsassız protokol tərtib etmişdir. Halbuki, İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Vəzifəli şəxs həmin halları aydınlaşdırsaydı, müəyyən edərdi ki, əslində idxal edilməmiş mallara, yaxud xarici valyuta vəsaiti qaytarılmaması alıcının iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir və hal alıcının təqsirini istisna edən əsas kimi qiymətləndirilməlidir. Bunları etməməklə, vəzifəli şəxs tərəfindən İXM-in təsvir edilən maddələrinin pozuntusuna yol verilməklə qanunsuz protokol tərtib edilmişdir. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Qazaxıstan Respublikasında yerləşən “HEBEİ MONDAY İNTERNATİONAL TRADİNG CO., LTD” şirkətinin hesabına xx.xx.2022-ci tarixli müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixdə 19562.50 ABŞ dolları məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 19562.50 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq 19562.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 19562.50 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 3912,50 (üç min doqquz yüz on iki, əlli) ABŞ dolları məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar