Məhkəmə qərarları › İş №3(006)-461/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-461/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-461/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5, X1, Şikayət vermiş şəxs Keskin Mikailin iştirakları ilə Keskin Mikail (Türkiyə Respublikasının vətəndaşı: U23384296; MYİ 0676219) tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tenbeh vermə haqqında" qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Keskin Mikail şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli "İnzibati tenbeh vermə haqqında" qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, artıq bir neçə ildir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Özü Səbail rayonu ərazisində Torqovu deyilən ərazidə yerləşən «İstanbul kebab» kafesini işlədir. Onun işlətdiyi həmin kafedə heç vaxt Adnan Kubat adlı şəxs işləməyibdir. O, ümumiyyətlə bu şəxsi tanımır. Onun kimliyi barədə onda hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Miqrasiya Xidmətinin əməkdaşları bu tanımadığı Adnan Kubat adlı şəxsi saxlamışlar, həmin şəxs sadəcə izahatında onun işlətdiyi kafedə işləməsini göstərmiş, sonra həmin şəxs ölkədən deport olunmuşdur. Həmin şəxsin izahatı alınarkən, onun iştirakı təmin olunmamış. Onunla üzləşdirilməmişdir. O, yalnız barəsində protokol tərtib olunandan sonra Miqrasiya xidmətinə dəvət olunmuş, orada etirazını bildirmiş və işçilərinin rəsmi siyahısını Miqrasiya Xidmətinə təqdim etmiş və həmin vaxtı da Miqrasiya Xidmətində belə bir adamı tanımadığını, onun yanında heç vaxt işləmədiyini bildirmişdir. Bu barədə izahat vermişdir. Buna baxmayaraq barəsində cərimə cəzası kəsilmişdir. Bundan sonra o, qərarı almış və həmin qərardan İnzibati Məhkəməyə şikayət etmiş, həmin məhkəmə iş üzrə aidiyyətin Səbail Rayon Məhkəməsinə aid olduğun bildirmiş və şikayət Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmədə hakim Azər Tağıyevin icraatında onun şikayətinə baxılmış və şikayət qismən təmin edilmiş, tərtib olunmuş qərar ləğv olunmuş və yenidən araşdırmaya göndərilmişdir. Bundan sonra qarşı tərəf şikayət vermiş və həmin şikayət əsasında qərar ləğv olunaraq yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İşin hüquqi əsaslarını ərizəsində göstərmişdir, bir insan kimi and içir ki, o, Adnan Kubat adlı şəxsi tanımır, orada heç vaxt işləməyibdir. Onun haradan, nə vaxt, niyə Azərbaycana gəlməsi barədə onda hər hansı bir məlumatı olmayıbdır. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən barəsində tərtib olunan xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmənizi xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs Keskin Mikail şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 izahatında göstərdi ki, şikayət ilə tanışdır. Türkiyə vətəndaşı Adnan Kubat barəsində Miqrasiya xidmətində araşdırma aparılarkən Adnan Kubat Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İstanbul kebab» restoranında işlədiyini bildirmişdir. Bununla bağlı araşdırma aparılmış və Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İstanbul kebab» restoranın sahibi Keskin Mikayılın barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixil, MN ******* saylı qərar qəbul olunmuş və həmin qərar icraya yönəldildikdən sonra Kəskin Mikayıl həmin qərardan Bakı İnzibati Məhkəməsinə şikayət etmişdir. Sonradan həmin iş baxılması üçün Səball Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin hakimi Azər Tağıyev tərəfindən həmin qərar ləğv olunaraq yenidən araşdırmaya göndərilmiş və onların həmin qərardan verdikləri şikayət əsasında Səbail Rayon Məhkəməsinin qərarı ləğv olunmuş və yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, Keskin Mikayılın məhkəməyə ünvanladığı şikayət əsassızdır və təmin olunmamalıdır. Göstəriləndən nəzərə alaraq şikayətin təmin olunmamasını, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul olunmuş və həmin qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının çıxışlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolundan görünür ki, işəgötürən Mikayıl Kəskin tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi şəxs işə cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Mikayıl Kəskin tərəfindən Azərbaycan Respublikası İXM-in 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Türkiyə Respublikasının vətəndaşı Kubat Adnan tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş yazılı izahatdan görünür ki, o, “İstanbul kebab” adlı restoranda kababçı olaraq çalışmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsaəsn Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Keskin Mikailin xx.xx.2023cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, Keskin Mikailin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Keskin Mikail tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Keskin Mikailin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında Keskin Mikail tərəfindən Adnan Kubat adlı şəxsin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan işə cəlb edilməsi ilə bağlı həmin şəxsin yazılı izahatından və yalnız həmin izahat əsasında tərtib edilmiş inzibati xəta haqqında protokoldan başqa heç bir sənəd mövcud deyil. Məhkəmə, hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, Adnan Kubat adlı şəxsin Dövlət Miqrasiya Xidmətinə verdiyi yazılı izahatdan əlavə digər hər hansı bir sübut (akt, videogörüntü, şahid ifadəsi və s.) olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Keskin Mikailin inzibati xətanın subyekti olmasına şübhə yaradır. Hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, iş üzrə Adnan Kubat adlı şəxsin işə cəlb edilməsi, onun məhz Keskin Mikail tərəfindən “İstanbul Kebab” restoranında işə cəlb edilməsi, ümumiyyətlə, Adnan Kubat adlı şəxslə Keskin Mikail arasında faktiki əlaqələrin mövcudluğu, işə cəlb edilməsi müqabilində ona əmək haqqı ödənilməsi və digər əhəmiyyət kəsb edən hallar sübuta yetirilməmişdir. Buna görə də hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Keskin Mikailin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X4 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Keskin Mikailin şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar