Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4610/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Moskva Ticarət Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 21 oktyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X5 29 iyul 2024-cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyətində iş vaxtı bədbəxt hadisə nəticəsində xəsarət almışdır, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, B.Hüseynova Şəxs Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmişdir. Nəticədə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətin tərəfindən Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə MN seriyalı ******* nömrəli, 21 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil izahatında bildirdi ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin sədri Anar Babayevdir. Anar Babayev həmin cəmiyyətə 2019-cu ildən sədrlik edir. Ondan əvvəl isə həmin səhmdar cəmiyyətin rəhbəri onun anası Elmira xanım olmuşdur. Buna kimi Anar müəllim 2004-cü ildən həmin cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. Şikayətçi xanımın həmin cəmiyyətdə işləməsi barədə rəhbərliyin məlumatı olmamış, belə ki, Bəsti xanım həmin cəmiyyətdə təsərrüfat işlərinə baxan şəxs X2 müraciət edərək işsiz olmasını bildirmiş və Mübariz müəllimdən həmin cəmiyyətin sanuzelində təmizliyə baxmaq istədiyini bildirmişdir. Bunun müqabilində kim nə versə, ona qəbul olacağını demişdir. Mübariz müəllim humanistlik edərək ona icazə vermiş, onu rəsmiyyətə salmaq üçün rəhbəriyə müraciət etmək istəyəndə Bəsti xanım özü buna etiraz etmiş və səbəbini isə sosial təminat aldığını, işə rəsmiyyətə düşdükdən sonra isə həmin sosial təminat məbləğini ala bilməyəcəyini deyərək əmək rəsmiyyətdən kənar işləmişdir. Bəsti xanımın həmin ərazidə təmizlik işlərinə baxmasını cəmiyyətdə rəhbərlik səviyyəsində Mübariz müəllimdən başqa heç kim bilməmişdir. Müfəttişlikdən yoxlama gələn günü də müfətiişliyin əməkdaşlarının qarşısına Mübariz müəllim çıxmış, belə ki, həmin ərəfədə sədr X14 hüdudlarından kənarda olmuş, Mübariz müəllim özü izahat vermiş, həmin izahatı müfəttişliyin əməkdaşlarının dediyi kimi yazmış, həmçinin müfəttişliyin əməkdaşlarının cəmiyyətin işçilərindən bir nəfər şəxsi şahid kimi dəvət etmələrinə müqabildə cəmiyyətin işçisi X4 dəvət etmiş, Maksim İsmayılov işin mahiyyətindən xəbəri olmadan, onun adından yazılan yazıları oxumadan qol çəkmişdir. X11 söhbət zamanı o, hər hansı bir yazını yazmadığını, ona təqdim olunmuş yazılı vərəqə oxumadan qol çəkdiyini bildirmişdir. Şikayətçi Bəsti xanımın işlədiyi yer kimi göstərdiyi cəmiyyətdə olan sanuzel artıq 1 ildən çoxdur ki, təmirə dayandırılmış və həmin ərəfədə fəaliyyət göstərməmişdir. Həmin univermaqa günə 5000-dən çox adam gəlir, onların hamısına nəzarət etmək mümkün deyildir. X9 həmin cəmiyyətdə yalnız təssərüfat işlərinə baxır, onu cəmiyyəti təmsil etmək, cəmiyyətin adından kimisə işə götürmək və ya işdən çıxartmaq səlahiyyəti yoxdur. Bəsti xanım həmin yerdə işlədiyi dövrdə heç vaxt cəmiyyət tərəfindən qeyri rəsmi şəkildə mükafatlandırılmamış, yalnız həmin sanuzeldən istifadə edən şəxslərin ona təqdim etdiyi pulları almışdır. Hadisə ilə bağlı məlumat aldıqdan sonra Mübariz Məmmədov barəsində daxili araşdırma aparılır. Onun bu hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. Göstərilənləri nəzərə alaraq Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, 2022-ci ildən Şəxs Qapalı Səhmdar Cəmiyyətində nəzarətçi işləyir. Onu həmin cəmiyyətə işə götürən cəmiyyətin sədri Anar müəllim olmuşdur. Əmək Müfəttişliyindən yoxlama gələn günü onu Mübariz müəllim çağırmış, ona bildirmişdir ki, bu imza yerində qol çəkməlisən, o da Mübariz müəllim dediyi ki, həmin yazılı vərəqə qol çəkmişdir. Həmin izahatda yazılan xətt onun deyil, həmin yazının nə məzmunundan nə də kimin qol çəkdiyindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 2017-ci ildən Şəxs Qapalı Səhmdar Cəmiyyətində işləyir, onu həmin cəmiyyətə işə götürən cəmiyyətin sədri rəhmətlik Elmira xanım olubdur. İki il həmin cəmiyyətdə müxtəlif vəzifələrdə çalışmış, 2019-cu ildən isə təssərüfat müdiri işləmiş, univermaqda olan xadimələrə nəzarət etmişdir. Univermaqda 10 nəfər xadimə var. Onların hər birinin ayrı-ayrılıqda rəsmi qaydada əmək müqavilələri vardır. Bəsti xanım 2017-ci ildən cəmiyyətdə işləyir. Hamı onu Bəsti kimi deyil, Tamam kimi tanıyır. Bəsti ona müraciət edərək dolana bilmədiyini bildirmiş, univermağın sanitar qovşağında təmizliyə baxmaq istədiyini, bunun müqabilində ona oradan istifadə edən şəxslərin verdikləri qəpiklərlə qane olduğunu bildirmiş, ona rəsmi işə qəbul olmasını dedikdə, Bəsti sosial təminat aldığını, rəsmi işə qəbul olduqdan sonra isə həmin təminatı ala bilməyəcəyini bildirib, orada qeyri rəsmi işləmək istəməsini bildirmiş və mən də onun dolanışığı üçün buna icazə vermişdir. 2019-cu ildə yeni rəhbərlik, Anar müəllim sədr olduqdan sonra bütün qeyri rəsmi işçilərin işə gəlməmələrinə göstəriş vermiş, sonra korona virus dövrü başlamış, həmin ərəfədə univermaq işləməmişdir. Həmin korona virusdan sonra Bəsti xanım ona yaxınlaşıb uşağının əməliyyat olunacağını bildirmiş, bununla bağlı tualetdə işləmək istədiyini bildirmişdir. O da Bəstinin ailə vəziyyətini nəzərə alaraq, bunu rəhbərlikdən gizlədərək Bəstiyə həmin yerdə işləməsinə icazə vermişdir. Bəsti hər sanuzeldən istifadə edəndən 20-30 qəpik alır və oranın təmizliyinə baxırmış, həmin bədbəxt hadisənin olmasından heç kimin xəbəri olmayıbdır. Həmin hadisənin olması barədə heç kimin məlumatı yoxdur. Sədr yeni direktor müavini təyin etmiş, həmin müavin xanımı işdən kənarlaşdırmışdır. İşdə olan izahata gəldikdə isə həmin yoxlama gələndə onları qarşılamış, yoxlama ona nə deyib onu izahatında yazmışdır. Həmin vaxt yoxlamaya gələn qızlar nə dedilərsə onu da yazmış, yoxlamaya gələn qızlar ondan bir nəfər şahid istəmişdirlər və o da, nəzarətçi Maksim İsmayılovdan xahiş etmişdir ki, gəlsin qol çəksin. O da heç nəyi oxumadan izahata qol çəkib gedibdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə X5 tərəfindən verilmiş izahatdan görünür ki, o, 2009-cu ilin may ayından Moskva Univermağında xadimə kimi çalışır. 29 iyul 2024-cü il tarixinə işə gəlmiş təxminən saat 12 radələrində həmin zirzəmidə yerləşən sanitar qovşağın pilləkənlərini süpürən zaman ayağı ilişərək sol diz nahiyəsinin üzərinə yıxılaraq xəsarət almışdır. İş rəhbəri Mübariz müəllimə məlumat verilmiş və o, evə buraxılmışdır. İmkanı olmadığı üçün həkimə müraciət edə bilməmişdir. Esmira xanım və Anar müəllim tərəfindən işə qəbul edilmişdir. 15 il ərzində pensiya fonduna ödənilməyən məbləğin və son 03 ildə olan əmək haqqının hesabına göndərilməsini tələb etmişdir. Həmçinin yıxılarkən aldığı xəsarətə görə müalicə olmağında köməklik edilməsini xahiş etmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə X6 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş izahatdan görünür ki, X1 Univermağının zirzəmisində sanitar qovşaqda xadimə işləmişdir. Təxminən 2021-ci ildən etibarən Tamamın orda işlədiyini görmüş, 2024-cü ilin iyun ayında özünün deməsinə görə Bəsti xanım pilləkənlərdən büdrəyərək yıxılmışdır. Ailə üzvləri gəldikdən sonra Bəsti xanımı onlarla birlikdə taksi ilə evə yola salmışdırlar. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş izahatdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində inzibati təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. X5 ticarət mərkəzində zirzəmidə sanitar qovşaqda təxminən 15 ildən artıq olar ki, çalışmışdır. 2024-cü ilin fevral ayından etibarən ona nağd şəkildə təxminən 200-300 manat əmək haqqı verilirdi. Fevral ayından etibarən rəhbərlik tərəfindən əmək müqaviləsinin rəsmiləşdirilməsi təklif olunmuş, lakin o, hər dəfə sosial müavinət almasını əsas gətirərək təklifdən yayınmışdır. Onun iş saatları səhər 09:00-dan axşam 17:00-a kimi olmuş, onun adını Tamam kimi tanımışlar. 2024-cü ilin iyun ayında təqribən 13:00 radələrində o, pilləkənləri süpürərkən yıxılmışdır. Təcili tibbi yardım çağırılmasından imtina etmiş, ailə üzvləri gəldikdən sonra Bəsti xanımı onlarla birlikdə taksi ilə evə yola salmışdırlar Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe bundan ibarətdir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülkihüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən X5 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilən sübutlarla Şəxs QSC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X10 Xidməti Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs QSC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Anar İbadzadə