Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4614/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayət vermiş şəxs X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə ilə, Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23610123 nömrəli qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən taksilər üçün ayrılmış dayanacaqda ** NF *** qeydiyyat nişanlı, BMW 520 markalı avtomobili saxlamışdır. Bu zaman X7 əməkdaşı avtomobilinin şəklini çəkməyə başlamışdır. Şikayətçi səbəbini soruşduqda X7 əməkdaşı özünü təqdim elməyi lazım belə saymadan “taksilər üçün ayrılmış dayanacaqda avtomobil saxladığı üçün ona protokol yazacağını demişdir. Şikayətçi ona avtomobilinin taksi olduğunu, əgər avtomobilə yaxınlaşa bilərsə bunu sübut edən müvafiq sənədləri təqdim edə biləcəyini bildirmişdir. X7 əməkdaşı isə şikayətçiyə sənədlərlə maraqlanmadığını, avtomobilinin taksi olmasını ancaq üzərində “Şahmat” quraşdırılarsa bilinəcəyini bildirmişdir. Şikayətçi isə belə bir qaydanın olmadığını, müvafiq qanunvericiliyə görə avtomobilimin taksi olmasını ancaq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş buraxılış kartı və digər sənədlərin sübut etdiyini bildirmişdir. X7 əməkdaşı qanuna uyğun faktlara məhəl qoymadan, sənədlərə baxmadan, avtomobilin şəklini çəkərək getmişdir. Daha sonra yuxarıda qeyd etdikləri ilə bağlı barəsində EQ23610123 nömrəli elektron qərarın qəbul edildiyini öyrənmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur, verilmiş şikayəti əsassız hesab edir. Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ23610123 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ23610123 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 18:31-də “BMW 520” minik markalı, ** NF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma durma qaydalarını pozaraq İXM-in 346.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair TDV seriyalı, 10396 nömrəli, xx.xx.2024-cü il tarixli buraxılış vəsiqəsindən görünür ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları həyata keçirən X4 xx.xx.2031-ci il tarixinədək taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X5 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaranmış, iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X5 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X9i İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23610123 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4614/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4614/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver