Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4615/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X6, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, iştirakları ilə, Şəxs Assosiasiyasının direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokola əsasən Şəxs Assosiasiyasının direktoru X2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.20213-cü il tarixli, 2(004)-3709/2013 saylı icra sənədinə əsasən 72800 manat pul və HOWO markalı 90FS434 nömrəli beton qarışdıran yük avtomobil X4 qaytarılmamışdır. Məhkəmə iclasında icra məmuru X7 izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.20213-cü il tarixli, 2(004)-3709/2013 saylı qətnaməsinə əsasən HOWO markalı, 90FS434 nömrəli beton qarışdıran yük avtomobilin və 72800 manat pulun Şəxs Assosiasiyadan alınaraq X4 qaytarılması qət edilmişdir. İcra sənədi xx.xx.2013-cü il tarixdə icraata qəbul olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Şəxs Assosiasiyanın icra sənədində göstərilən ünvanına göndərilmişdir. Həmin dövrdən hal-hazıradək 72800 manat borcdan müəyyən hissə ödənilmiş, 44000 manat qalıq qalmışdır. X2 həmin məbləği maddi imkanı olmadığından ödəyə bilmədiyini izahatlarında bildirmişdir. HOWO markalı 90FS434 nömrəli beton qarışdıran yük avtomobilindən isə şəxsin xəbərinin olmadığını və bu səbəbdən qaytara bilmədiyini göstərmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini və yük avtomobilinin qaytarılmasını istəyir. İzahatının sonunda protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X6 izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.20213-cü il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və HOWO markalı 90FS434 nömrəli beton qarışdıran yük avtomobilin və 72800 manat pulun Şəxs Assosiasiyadan alınaraq ona verilməsi qət edilmişdir. Həmin dövrdən uzun müddət keçəməsinə baxmayaraq icra sənədi tam olaraq icra edilmir. Dəfələrlə edilmiş müraciətlərdən sonra müəyyən məbləğdə pullar ödənilmiş, lakin bu günədək həmin borcdan 44000 manat qalıq qalmışdır. X2 həmin məbləği ödəmir və bunu maddi imkansızlığı ilə əsaslandırır. Bundan başqa, ona məxsus HOWO markalı 90FS434 nömrəli beton qarışdıran yük avtomobili hazırki günədək qaytarılmır. Həmin yük avtomobilinin harada olması barədə məlumat da yoxdur. İzahatının sonunda icra sənədinin tam olaraq icra edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Assosiasiyasının direktoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Assosiasiyasının direktoru X2 Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs Assosiasiyasının direktoru X1 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X2 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Assosiasiyasının direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4615/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4615/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver