Məhkəmə qərarları › İş №3(006)-4638/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4638/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4638/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00800-00870/24 nömrəli, 10 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar olaraq Sinqapurda fəaliyyət göstərən “W Food Processor PTE LTD” şirkəti ilə xx.xx.2023-cü il tarixli 052/2023 saylı müqaviləyə əsasən, ümumi gömrük dəyəri 2289.90 manat (ümumi invoys dəyəri 1347 USD) olan “Təzə meyvələr/Nar” yük xx.xx.2023-cü il tarixli **********6964 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gönrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, “hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs tərəfindən isə ixrac edilən 1347 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Şəxs ünvanına məktub göndərilmiş, izahat verməsi üşün şirkətin etibarnamə ilə təmsil etdiyi nümayəndəsi dəvət olunmuşdur. Şəxs MMC xx.xx.2024-cü il tarixli məktub göndərərək xx.xx.2024-cü il tarixdə 673.50 ABŞ dollarının MMC-nin hesabına köçürüldüyünü bildirmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X1 Sisteminə (VAİS) baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli, **********6964 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan malların müqabilində vəsaitin şirkətin "xxxx" ASC-nin hesabına köçürülmədiyi məlum olmuşdur. Nəticədə, Şəxs tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydalar pozulmuş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmadığı əks olunmuşdur. xx.xx.2024-cü il tarixdə, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsi Şəhriyar Əsgərov «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs MMC ilə “W Food Processor PTE” LTD şirkəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış AZSF- S066/23 saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti 3.00 (üç) ABŞ dolları/kq olmaqla, 449 kq nar məhsulu satışı icra olunmuşdur. Həmin müqaviləyə görə ödəniş məhsul çatdırıldıqdan sonra ödənilməlidir. Məhsul təhvil verildikdən sonra xx.xx.2023-cü il tarixdə Şəxs MMC cəmi 1347 ABŞ dolları ödənilməsi üçün hesab faktura vermişdir. Məhsulun ixraçı üçün xx.xx.2023-cü il tarixdə **********6964 saylı gömrük bəyannaməsi təqdim edilmişdir. Alıcı tərəfindən Məhsulun yarısında qüsur aşkar edildiyi üçün xx.xx.2023-cü il tarixdə tərəflər arasında Qüsur aktı imzalanmışdır. Akta əsasən məhsulun təhvil verilməsində gecikmələrə görə 224.5 kq məhsul yararsız sayılmış və həmin hissədə qiymət yenilənmişdir. Ödəniş barədə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixində ödəniş tapşırığı verilmiş və son sazişə əsasən “W Food Processor PTE” LTD şirkəti razılaşdırılmış müqavilə qiymətini alıcının “Paşabank” hesabına köçürmüşdür. Şəxs MMCnin hesab üzrə çıxarışından aydın olur ki, 673.50 ABŞ dolları xx.xx.2024-cü il tarixdə onun bank hesabına mədaxil edilmişdir. Göründüyü kimi məhsulun ixrac bəyanı xx.xx.2023-cü il tarixində edilmiş, ixrac olunan məhsulun müqablində vəsait xx.xx.2024-cü il tarixində satıcı tərəfindən Şəxs MMC-nin bank hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilən gömrük bəyannaməsindən və hesab üzrə çıxarışdan (xx.xx.2024-xx.xx.2024 dövrü üzrə) göründüyü kimi alqı-satqı müqabilində xarici valyuta vəsaiti 180 gün tamam olmadan (xx.xx.2023-xx.xx.2024) Azərşəkər MMC-nin bank hesabına mədaxil edilmişdir. Şəxs MMC tərəfindən ixac gömrük bəyannaməsi rəsmiləşdirilmiş və həmin mallar müqabilində xarici valyuta vəsaiti qaydalara müvafiq olaraq “W Food Processor PTE” LTD şirkəti tərəfindən köçürülmüş və xx.xx.2024-cü il tarixində Şəxs MMC-nin “Paşabank” hesabına mədaxil edilmişdir. Qeyd edilən faktiki və hüquqi əsasları diqqətə alaraq, xx.xx.2024-cü il tarixli 3(006)-4638/2024 saylı inzibati xəta haqqında iş üzrə təqsirli sayılan Şəxs MMC barəsində inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə müvafiq olaraq xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsi X3 vəsatətin məzmununa uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 3-33-3100/012/020966 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına müvafiq olaraq, xarici, iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsuliyyət yaradır. Şəxs tərəfindən isə ixrac edilən 1347 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilir ki, Şəxs ilə “W Food Processor PTE” LTD şirkəti arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq 449 kiloqram meyvə (nar) göndərilmişdir. Göndərilmiş mallara dair xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib olunmuşdur. Qüsur aktı tərtib edildikdən sonra göndərilmiş mallara dair vəsait “W Food Processor PTE” LTD şirkəti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan bank hesabına 180 gün ərzində köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Bundan əlavə yuxarıda istinad olunan Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00800-00870/24 nömrəli, 10 oktyabr 2024-cü il tarixli (EP № 0192093) inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar