Məhkəmə qərarları › İş №3(006)-4639/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4639/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4639/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – X5 katibliyi, X1nun, qərarından şikayət verilmiş orqanın nümayəndəsi - Nümayəndə1 iştirakı ilə, X2 Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar əsasında İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarda qeyd edilir ki, guya o, xx.xx.2024-cü il tarixdə saat 13:52 də idarə etdiyi “MAZDA 3 Minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, A.A.Mirqasımov 14 ünvanda idarə edərkən yolayrıcında sürücü sağa və sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə yol hərəkəti qaydalarını pozmuşdur. Həmin gün idarə etdiyi avtomaşınla Bakı şəhəri, A.A.Mirqasımov küçəsi ərazisində hərəkət edərkən heç bir yol hərəkəti qaydasını pozmamışdır. Həmin vaxt sola dönərkən piyada piyada keçidində olmuş, lakin piyada hərəkət sürətini və istiqamətini ona görə dəyişməmişdir. Piyadanın keçməsinə görə piyadaya yol vermədiyi barədə yazılmış protokol tamamilə əsassızdır. Azərbaycan Respublikası İXM-nin Qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmin protokol əsasında 50 manat cərimə edilmişdir. Avtomaşının texniki baxışdan keçirilməsi lazım olduğuna görə məcbur olun həmin pulu güzəştlə 45 manat ödəmişdir. Lakin onun təqsiri olmamış və qanun pozuntusuna yol verməmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi və ödənilmiş 45 manat pulun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 verilmiş şikayət əsassız olduğundan Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 25 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 37-ci maddəsinin İ hissəsinin 11-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən görmə qabiliyyəti tam məhdud olan piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur 1-ci maddəsinin 17-ci bəndinə əsasən, nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür. 1-ci maddəsinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir 1-ci maddəsinin 36-cı bəndinə əsasən, piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaqda gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq üçün araba və ya əlilliyi olan şəxs üçün açıq məkanda istifadə üçün mexaniki təkərli oturacağı aparan şəxslər də piyadaya bərabər tutulur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutuaraq hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-in 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı sübutla təsdiq olunmur və onun tərəfindən edilmiş hərəkətdə inzibati xəta tərkibi yaranmamışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün şəxsin təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla X2 Azərbaycan Respublikası İXM-in 330.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz, Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 25 sentyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, hazırkı şikayət qalan hissədə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.5-1 maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 53.2, 65, 128-130, ə 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 25 sentyabr 2024-cü il tarixli «inzibati tənbeh vermə haqqında qərar» ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata «inzibati xəta tərkibi olmadıqda və şəxsin təqsirliliyi sübuta yetirilmədiyi» əsası ilə xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar