Məhkəmə qərarları › İş №3(006)-4648/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4648/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4648/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili “Leqal” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi “Port Baku” yaşayış kompleksinin qarşısında Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 izahatında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində ünvan 3 ünvanında yerləşən “Port Baku” yaşayış kompleksinin yaxınlığında olan zaman Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs onun başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və tərəfindən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq toplanmış materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, telefon mağazası işlədir. Şəxs keçmiş həyat yoldaşı Nərminə Əliyeva 7-8 ildir ki, onun müştərisidir. “İphone 14” markalı mobil telefon satışa çıxanda sonuncu həmin telefondan almaq istədiyindən, bir-iki dəfə mağazaya yaxınlaşıb telefona baxmışdır. Bir dəfə yenə mağazaya gələndə ona “sabah ucuz olacaq, gələrsən” deyə bildirmişdir. xx.xx.2022-ci il tarixdə Nərminə onun dükanına telefon almağa gəlmişdir. Telefonu aldıqdan sonra köhnə telefonundakı məlumatları yeni telefona köçürmək istəyirdi. O da artıq dükanı bağladığından “Port Baku” yaşayış kompleksində yerləşən “Gloria Jeans” kafesində görüşmələrini Nərminəyə demişdir. O, dükanı bağladıqdan sonra kafeyə getmiş və Nərminə ilə masa arxasında oturan zaman Tofik restorana daxil olaraq onu söhbət etmək üçün çölə çağırmışdır. Cavanşir körpüsünə gedən tərəfdə aralarında mübahisə düşmüş və Tofik qəflətən onun əvvəl sifətinə yumruqla zərbə vurmuş, daha sonra başına və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq qaçıb getmişdir. Hadisə baş verən vaxt yanlarında heç kim olmamışdır. O da daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq baş verən hadisə ilə bağlı məlumat vermişdir. Ona vurulan xəsarətlə bağlı ekspert rəyi də var. Göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, həyat yoldaşından boşansa da, ailəsini bərpa etmək istəyir. Zərərçəkmiş şəxs da keçmiş həyat yoldaşı ilə dostluq münasibətləri olduğundan, sonuncudan onların barışmaqlarına kömək etməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində “Port Baku” yaşayış kompleksində yerləşən “Gloria Jeans” kafesində Səttarxanla keçmiş həyat yoldaşının oturub kofe içdiklərini görmüşdür. Onlara yaxınlaşmış və aralarında sözlə mübahisə yaranmışdır. Daha sonra isə çıxıb getmişdir. Səttarxanı vurmamışdır. Ona şər atırlar, onu həbs etdirib uşağını əlindən almaq istəyirlər. Polis əməkdaşları tərəfindən 15 dekabr 2022-ci il tarixdə saat 15:00-da tutulmuşdur. Göstərilənlərə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, Şəxs sadəcə ailəsini bərpa etməyə çalışır. Hətta boşandıqdan sonra bir dəfə Nərminə xanımla barışıb, birlikdə rayona istirahətə də getmişlər. Sadəcə, Nərminə xanımın anası yenidən ailə kimi yaşamaqlarına imkan vermir. X4 şikayəti əsasında Şəxs barəsində Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi vardır. Tofik ailəsi ilə barışmaq istəyir, lakin yaxınlaşan kimi xanım polisə zəng vurur. 22-ci Polis Bölməsində aparılan araşdırmadan onların xəbəri olmamış, şəxsi heç çağırmamış, cinayət işinin başlanmasının rədd olunması barədə qərar onlara təqdim olunmamış, qərardan şikayət vermək hüquqları təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Nəsimi rayonu, Azadlıq prospekti ünvanında mobil telefonların alış-satışı olan “Bir plus” dükanını işlədən Zərərçəkmiş şəxs ilə həmin dükanın sahibi kimi tanışlığı vardır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Səttarxanın dükanından “İphone 14 Pro” markalı mobil telefon almışdır. Səttarxan dükanı bağlayacağı üçün onun köhnə telefonundakı məlumatları yeni telefonuna köçürmək məqsədi ilə “Port Baku” yaşayış kompleksində yerləşən “Gloria Jeans” kafesində görüşmüşlər. Daha sonra keçmiş həyat yoldaşı Şəxs kafeyə gələrək Səttarxanı kobud formada kafedən çölə çağırmışdır. Səttarxan onun ardınca kafedən çölə çıxmışdır. Bundan sonra Səttarxan kafeyə qayıtmamış, ona zəng vuraraq kafedən çıxıb getməsini bildirmiş, Tofikin onu vurduğunu demişdir. Sonra Səttarxanla birlikdə bölməyə gedən zaman sonuncunun dodağının partladığını görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi” X9 1330 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 1 günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 22-ci PŞ-yə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməldə onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 dekabr 2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar