Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-465/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçinin X1 etibarnamə əsasında nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə təqribən 16:20-də “Lexus NX300” markalı, **-XO-*** qeydiyyat nişanlı avtomobillə Rəşid Behbudov küçəsində hərəkətdə olarkən qəflətən arxadan “Hyundai ix35” markalı, **-PK-*** nömrəli avtomobil onun avtomobili ilə toqquşmuşdur. Məlum məsələdir ki, təqsir ara məsafəsi saxlamayan və onun maşınını tam arxadan vuran sürücüdə olub, belə ki, onlar həm dövlət yol polisinə, həm də sığortaya zəng edərək məlumat vermiş, hadisə yerinə öz mülki avtomobili ilə Bakı şəhər Dövlət Yol Polisi idarəsinin yol patrul xidməti baş inspektoru X3 gəlmiş, həmin inspektorun ona və ümumiyyətlə qadınlara qarşı hərəkətləri barədə ayrıca şikayət etmişdir. Belə ki, hadisə yerinə gələn həyat yoldaşı həmin inspektora hadisə ilə bağlı müraciətini ona etməsini demiş, buna cavab olaraq inspektor hörmətsiz bir formada yoldaşına dedi ki, “çox belə qısqancsansa arvadın evdə bozbaş bişirsin, qadın nədir maşın sürmək nədir, vermisən maşını sürür” demişdir. Bəlkə də həmin polis əməkdaşı hələ də düşünür ki, qədim dövrlərdə olduğu kimi onun səs vermək, işləmək, mülkə sahib olmaq kimi hüquqları yoxdur, üstəlik uşaqlarla birlikdə ərinin mülkiyyətindədir. Ola bilər ki, həmin inspektorun dünya görüşü o qədər dardır ki, qadınların bəzi ölkələrdə dövlət başçısı, parlament sədri, baş nazir, nazir və digər mühüm vəzifələr tutduğu, böyük nailiyyətlərə, imza atdığı, nəsilləri tərbiyə etdiyi barədə məlumatsızdır. Yaxud nəzərə alsaq ki, qadınlar kişilərdən qat-qat az yolda qəza törədirlər bəlkə qəza inspektoru olan M.Səmədov yol nəqliyyat hadisələrin qarşısının alınmasının deyil, artmasının tərəfdarıdır. İnspektorun davranışı öz yerində, o, sonununcun qəbul etdiyi qərardan da narazıdır. Belə ki, nəticədə onun barəsində İPX ******* saylı protokol tərtib olunmuş, həmin protokol və qərar onunla əsaslandırılmışdır ki, o, avtomobili idarə edərkən ara məsafəsi saxlamamışdır. Protokolu və onun əsasında qəbul edilmiş qərarı qanunsuz hesab edir. Belə ki, ara məsafəsi ilə bağlı “Yol hərəkəti haqqında” Qanunundan nəzərdə tutulmuş yeganə norma onun 50-ci maddəsinin İİİ hissəsidir. Həmin normaya əsasən “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən cavandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”. Normadan da göründüyü kimi, norma o halda pozulmuş olur ki, o, ara məsafəsi saxlamadığı səbəbi ilə qarşısında gedən avtomobillə toqquşsun. Lakin belə bir hal olmamışdır. Onun idarə etdiyi avtomobil qarşıda gedən və sonradan dayanan **-VH-*** nömrəli avtomobilə ona görə dəydi ki, arxadan gələn **-PK-*** nömrəli avtomobil onun maşını ilə toqquşdu. Həmin arxadan gələn maşın onun maşınıyla toqquşmasaydı (yaxud daha az sürətlə dəyməydi) onun avtomobilinin qarşıda duran maşına dəyməyəcəkdi. Bununla əlaqədar bütün sübutlar məhkəməyə təqdim ediləcəkdir. Həmçinin, onlar protokolu tərtib edən inspektora öz etirazlarını bildirmiş və mövqelərinin əsası və iş üzrə sübut qismində onun avtomobilində quraşdırılmış video qeydiyyatçının görüntülərin təqdim etmişdir. Lakin inspektor bu sübutlara və onların etirazlarına məhəl qoymamışdır. Daha sonra onlar inspektorun bu hərəkətlərindən həmin an “102” qaynar xəttinə şikayət etdik. Bundan əlavə Qərarın tarixi xx.xx.2021-ci il olsa da, həmin qərar barədə məlumat ona email vasitəsilə xx.xx.2021-ci il tarixdə bildirilmiş, xx.xx.2021-ci il tarixdə asanpay kabinetinə daxil olub yoxlamış (çıxarış əlavə olunur). Həmin vaxt protokol “qərarsız” statusunda idi. Bununla bağlı sübutları şikayət ərizəsinə əlavə edir. Göstərilənləri nəzərə alaraq, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati Xəta Haqqında İXP ******* saylı inzibati xəta haqqında qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili N.A.Əhmədov şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, hadisə baş verən gün şikayətçi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, S.R.Əliyevanın maşının digər maşınla, yəni **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşmasının səbəbi onun ara məsafəsi saxlamamağın deyil, onun şikayətçinin idarə etdiyi “Lexus NX300” markalı, **-XO-*** qeydiyyat nişanlı avtomobilin arxasından hərəkət edən **-PK-*** nömrəli avtomobilin sürücüsünün ara məsafəsi saxlamamağı olmuşdur. Bundan başqa, bütün bunları sübut etmək məqsədilə hadisə baş verən gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20-də hadisə yerini müşahidə edən TŞ3-36 saylı Təhlükəsiz Şəhər kamerasının görüntüsünü əldə edilməsi ilə bağlı xx xxxxxx 2021-ci il tarixində onun tərəfindən Daxili İşlər Nazirliyinə sorğu göndərilsə də bugünədək heç bir cavab almamışdır. Həmçinin o, toqquşmuş avtomobillərin foto-şəkilini də məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını və şikayətçi S.R.Əliyeva barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı şəhəri DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, S.R.Əliyeva xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20də Rəşid Behbudov küçəsində “Lexus NX 300” markalı, **-XO-*** nömrəli avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozmuş, nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli SMS bildirişdən görünür ki, S.R.Əliyevaya inzibati cərimə protokolun icra qərarı barəsində və onun barəsində olan tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üçün xx.xx.2021-ci il tarixindən inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə minməsi ilə bağlı məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş vəkil N.A.Əhmədovun vəsatətindən görünür ki, İXP ******* saylı protokola və qərara əsasən S.R.Əliyeva ara məsafəsi saxlamamış və nəticədə qarşıda sağda duran **-VH-*** nömrəli avtomobillə toqquşmuş, şikayətin məzmununa görə isə arxadan gələn **-PK-*** nömrəli avtomobil S.Əliyevanın avtomobili ilə toqquşmuşdur. Məhz bunun nəticəsində S.Əliyevanın maşını **-VH-*** nömrəli avtomobillə toqquşmuşdur. Belə ki, şikayətin əsasını yoxlamaq məqsədilə həmin vaxt, yəni xx.xx.2020-ci il tarixdə, saat 16:20-də həmin hadisə yerini müşahidə edən TŞ3-036 saylı Təhlükəsiz Şəhər kamerasının görüntüsü əldə edilməlidir. Həmi görüntünün əldə edilməsi ilə əlaqədar o, xx.xx.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinə sorğu vermiş, lakin bu günədək həmin sorğu cavablandırılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.R.Əliyeva barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və S.R.Əliyevanın xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Lexus NX 300” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.R.Əliyevanın barəsində Bakı şəhər DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, S.R.Əliyeva barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta hadisəsinin necə baş verməsinin səbəbləri düzgün araşdırılmamış, hadisənin kimin təqsiri ucbatından törədildiyi dəqiq müəyyən edilməmiş, S.R.Əliyevanın idarə etdiyi avtomobilin arxasında duran **-PK-*** nömrəli avtomobilin sürücüsünün ara məsafəsi saxlamaması səbəbləri araşdırılmamış, baş vermiş hadisəsinin videogörüntülərinin alınması ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu verilsə də bugünədək heç bir məlumat alınmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİnin Yol Patrul Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-465/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-465/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver