Məhkəmə qərarları › İş №3(006)-4651/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4651/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4651/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərardan şikayət verən şəxs: X1 Qərarından şikayət verilən orqan: X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə X1 X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bu qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində cərimə edilmişdir. Birtərəfli qaydada qəbul edilmiş həmin qərar tam əsassızdır. Həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 izahatında göstərdi ki, "xxxx" MMC-nin direktoru kimi o, şirkətə məxsus maddi sərvətlərin salamatlığını təmin etmək məqsədi ilə X9 ilə 04 iyul 2022-ci il tarixdə əmək müqaviləsi, 05 iyul 2022-ci il tarixdə isə “Tam fərdi məsuliyyət, öhdəliklər və razılaşma haqqında” müqavilə bağlamışdır. Gözətçi kimi çalışan V.Abdullayev işlədiyi müddət ərzində üzərinə düşən öhdəliklərin icrası zamanı nöqsanlara yol vermiş, onun gecə vaxtı iş başında yatdığı aşkar olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci il tarixdə “İşçinin iş yerində növbədə olduğu zaman ərazini nəzarətsiz qoyaraq yatması” barədə akt tərtib edilmişdir. V.Abdullayevin şirkətə 200 manatdan çox borcu yarandığı üçün onun ərizəsi əsasında həmin borcun əmək haqqından tutulmuşdur. xx.xx.2022-ci il tarixli əmrlə özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədən, müəssisədaxili intizam qaydalarını, bağladığı əmək müqaviləsinin tələblərini kobud surətdə pozduğuna görə V.Abdullayevlə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, o işçinin əmək müqaviləsinə xitam verərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Bununla belə onun barəsində X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə icraat başlanılmış və o, cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X10 izahatında göstərdi ki, X9 xx.xx.2022-ci il tarixdə X11 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək son haqq-hesabın düzgün ödənilməsi və əmək müqaviləsinə əsassız xitam verilməsinin araşdırılması xahiş etmişdir. Bununla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X9 arasında xx.xx.2022-ci il tarixdə 02 ay 02 gün müddətinə əmək müqaviləsi bağlanılmış və bu müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən nöqsanlara yol verilərək gözətçi kimi gecə növbəsində çalışan V.Abdullayevə əlavə ödənişlər edilməli olduğu, halda buna əməl edilməmişdir. Həmçinin işçinin işdən azad olunması zamanı Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə və 72-ci maddəsinin tələblərinə riayət olunmamışdır. X9 ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi üçün xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarla "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: • xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC X6 gözətçi vəzifəsinə işə götürür, müqavilə 02 ay 02 müddətinə bağlanılır; • "xxxx" MMC üzrə 03 saylı əmrə görə X9 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və həmin Məcəllənin 72-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilir; • X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 çalışdığı müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 74 nömrəli Qərarının tələbləri pozularaq əmək haqqına əlavə müəyyən edilmədiyi, eyni zamanda əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi üçün "xxxx" MMCnin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 ilə bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozaraq xitam verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, işçi ilə bağlanılmış əmək müqaviləsini ləğv edərkən onun tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş pozuntulara yol verməsinə dair tutarlı dəllilləri təqdim edə bilməmişdir. Belə olan halda onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar